2012-ci ilin dekabr ayında AzərbaycanRespublikası Dövlət Neft Fondu (ARDNF) daşınmaz əmlaka ilk investisiyasını həyata keçirmişdir. Fond Londonun West End səmtində, Seynt Ceyms 78 ünvanında yerləşən və dəyəri 177 350 000 funt sterlinq təşkil edən ofis kompleksini almışdır. Binanın alqı-satqı prosesində satıcı qismində “Deutsche Bank”-ın Vəsaitlərin idarə edilməsi bölməsinin daşınmaz əmlak investisiyaları ilə məşğul olan şirkəti RREEF Real Esteyt (RREEF Real Estate), Dövlət Neft Fondunun hüquq məsləhətçisi kimi Klifford Çans (Clifford Chance), broker qismində isə Cons Lanq Lasal (Jones Lang LaSalle) şirkəti çıxış etmişdir.
Seynt Ceyms Londonda bir sıra tarixi memarlıq binalarının yerləşdiyi mərkəzi ərazidir ki, Seynt Ceyms küçəsi 78 ünvanında olan bu görkəmli tikili qeyd edilən ərazinin ən məşhur hissələrindən birində yerləşir. 1845-ci ildə tikilmiş bu bina tarixi fasadı saxlanılmaq şərtilə 2003-cü ildə yenidən təmir olunmuş və “A” tipli ofis binaları sinfinə tamamilə uyğunlaşdırılmışdır. Ümumi sahəsi 11 018 kv. metr təşkil edən bu bina 2023-cü ilə qədər illik icarə haqqı 9,65 milyon funt sterlinq və xalis illik gəlirlilik səviyyəsi 4,5% olmaqla HSBC bankına icarəyə verilmişdir. Qeyd edilən bank hal-hazırda bu binanı Britaniyada HSBC Fərdi Bankının mərkəzi qərargahı kimi istifadə edir.
ARDNF-nin İcraçı direktoru Şahmar Mövsümov Fondun daşınmaz əmlaka ilk investisiyası ilə bağlı qeyd etmişdir: “Bir çox Suveren Fondlar hal-hazırda investisiya risklərinin yüksək diversifikasiyasını təmin etmək istiqamətində ənənəvi maliyyə alətlərindən fərqli, digər aktivlərə də investisiya imkanlarını nəzərdən keçirirlər. Son zamanlar ARDNF-nin həm idarəetmədə olan vəsaitlərinin həcmi, həm də həyata keçirdiyi investisiyaların miqyası sürətlə artmışdır. Bugün mən ARDNF tərəfindən daşınmaz əmlaka ilk birbaşa investisiyanın həyata keçirildiyini açıqlamaqdan məmnunluq duyuram. Londonda yerləşən bu binanın alınması Fondun dünyanın bir sıra önəmli şəhərlərinin əsas mərkəz-biznes ərazilərində həyata keçirilməsi planlaşdırılan daşınmaz əmlak üzrə investisiya strategiyasının birinci mərhələsidir. Bu tip investisiyaların həyata keçirilməsində başlıca amillər həmin investisiyanın gələcək illər ərzində vəd etdiyi yüksək sabit gəlirlilik, eləcə də dünyanın önəmli şəhərlərinin kommersiya daşınmaz əmlak bazarlarının güclü fundamental əsaslarıdır".