oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

Dövlət Neft Fondu BMK-nın Qlobal İnfrastruktur Fonduna sərmayə yatıracaq

01 Apr 2013 12:13:29

Dövlət Neft Fondu BMK-nın Qlobal İnfrastruktur Fonduna sərmayə yatıracaq

01 Apr 2013 12:13:29

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) Beynəlxalq Maliyyə Korporasiyası (BMK) və digər suveren və təqaüd fondları ilə birgə yeni yaradılmış Beynəlxalq Maliyyə Korporasiyasının Qlobal İnfrastruktur Fonduna sərmayə yatırmağa başlamışdır. Sözügedən Fond sərmayəçilərə inkişaf etməkdə olan bazarlarda infrastruktur layihələrinə və infrastruktur sahəsində fəaliyyət göstərən şirkətlərə investisiya yatırımları etmək üçün nəzərdə tutulmuşdur.

BMK-nın Aktivlərin İdarə edilməsi Şirkəti tərəfindən idarə ediləcək Qlobal İnfrastruktur Fondu enerji, nəqliyyat, kommunal xidmətlər, telekommunikasiya, şəhər infrastrukturu və infrastruktur xidməti sahəsində fəaliyyət göstərən şirkətlərə investisiya yatırımına imkan verəcəkdir.

İlkin tranşda BMK-nın Qlobal İnfrastruktur Fondu 500 milyon ABŞ dolları məbləğində vəsaiti idarə edəcək ki, bu vəsaitin də 150 milyon ABŞ dollarının ARDNF tərəfindən ayrılması nəzərdə tutulur və Fond son tranşa qədər yatırımlarını 200 milyon ABŞ dollarına çatdırmağı planlaşdırır. Qeyd edək ki, ARDNF 2010-cu ildə BMK-nın Aktivlərin İdarə edilməsi Şirkəti tərəfindən idarə edilən Afrika, Latın Amerikası və Karib Fonduna 100 milyon ABŞ dolları və 2012-ci ildə BMK-nın Katalizator Fonduna 50 milyon ABŞ dolları məbləğində sərmayə yatırmışdır.

Azərbaycanın suveren fondu olan Dövlət Neft Fondu 1999-cu ildə ümummilli lider Heydər Əliyevin qərarı əsasında neft və qaz ehtiyatlarına dair sazişlərin həyata keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının əldə etdiyi gəlirlərin toplanması, səmərəli idarə edilməsi və gələcək nəsillər üçün saxlanılmasını təmin etmək məqsədilə yaradılmışdır. 01 yanvar 2013-cü il tarixinə ARDNF-nin vəsaitlərinin ümumi həcmi 34 129,4 mln. ABŞ dolları təşkil edir.

Xəbərlərə abunə ol