Azərbaycan Respublikası Dövlət Neft Fondu bildirir ki, 2013-cü ilin yanvar–iyun ayları ərzində Neft Fondunun büdcə gəlirləri 6 726,4 milyon manat, büdcə xərcləri isə 5 791,2milyon manat təşkil etmişdir.
2013-cü ilin ilk altı ayı ərzində Dövlət Neft Fondunun neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 6 488,7 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından6 482,8 milyon manat, akrhesabı ödənişlər 1,7 milyon manat, tranzit gəlirləri 3,9 milyon manat, bonus ödənişləri 0,3 milyon manat, xarici sərmayəçilər tərəfindən təhvil verilmiş aktivlərdən 0,04 milyon manat təşkil etmişdir.
2013-cü ilin yanvar-iyun ayları ərzində Neft Fondunun vəsaitlərinin idarə olunmasından əldə olunan gəlirlər 237,7 milyon manata bərabər olmuşdur.
HesabatdövrüərzindəNeft Fondunun 2013-cü il büdcəsinin icrası çərçivəsində 5 534,6 milyon manat vəsait dövlət büdcəsinə transfert edilmişdir. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 157,5 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 74,0 milyon manatvəsait ayrılmışdır."Bakı-Tbilisi-Qars yeni dəmir yolu" layihəsinin maliyyələşdirilməsinə Neft Fondundan 2,9 milyon manat vəsait ayrılmışdır. 6,3 milyon manat vəsait "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsinə yönəldilmişdir. 2013-cü ilin ilk altı ayı ərzində Neft Fondunun idarə edilməsi ilə bağlı xərcləri 15,9 milyon manat təşkil etmişdir.
Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı Fondun büdcədənkənar xərci521,6 milyon manat təşkil etmişdir.
2013-cü il iyulun 1-ə Fondun aktivləri 2013-cü ilin əvvəlinə (34129,4milyon ABŞ dolları) nisbətən1,6% artaraq 34 678,4 milyon ABŞ dollarına bərabər olmuşdur.
2012-ci ildən etibarən Neft Fondu qızılın alınmasına başlamışdır və 1 iyul 2013-cü il tarixinə Fond tərəfindən alınmış qızılın miqdarı 22 ton 399 kq (720 146 troya unsiyası)təşkil etmişdir.