2014-cü il yanvar ayının 24-də Azərbaycan Respublikası Dövlət Neft Fondunda Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə Çoxtərəfli Qrupun (ÇQ) 2014-cü il üzrə ilk iclası keçirilmişdir.
İclas zamanı Azərbaycan Mədən Sənayesində Şəffaflığın Artırılması üzrə Qeyri-Hökumət Təşkilatları Koalisiyasını cari ildə ÇQ-də təmsil edəcək yeni üzvlər Çoxtərəfli Qrupa təqdim edilmiş, Yeni Memorandumun yekun layihəsinə dair Koalisiyanın təklifləri səsləndirilmiş və təkliflər üzrə ÇQ üzvləri müzakirələrini davam etdirmişlər. Həmçinin gələcəkdə MHŞT hesabatlarını tutuşduracaq auditorun fəaliyyətini əks etdirən Şərtlər Toplusunun MHŞT Standartına uyğunlaşdırılmasına dair Mur Stefens şirkətinin rəyi dinlənilmiş və digər məsələlər ətrafında müzakirələr aparılmışdır.
MHŞT xüsusi çoxtərəfli və şirkətlər, hökumətlər, sərmayəçilər və vətəndaş cəmiyyəti təşkilatları tərəfindən dəstəklənən könüllü təşəbbüsdür. MHŞT neft, qaz və mədən hasilatı sahəsində şəffaflığın təmin edilməsində qlobal standartdır. Azərbaycan MHŞT prosesinə 2003-cü ildə qoşulmuşdur. Azərbaycan MHŞT-nin qiymətləndirilməsi prosesindən keçən və MHŞT-nin tamhüquqlu üzvü statusunu alan ilk MHŞT ölkəsidir. MHŞT prinsip və meyarlarına tam cavab verən ölkə olması və MHŞT-nin tətbiqi sahəsində əldə etdiyi nailiyyətlərə görə Azərbaycana "2009-cu il MHŞT mükafatı" təqdim edilmişdir.