2014-cü il iyunun 20-də Rusiyanın Sankt-Peterburq şəhərində Bank VTB ASC-nin səhmdarlarının ümumi illik yığıncağı keçirilmişdir. Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) İcraçı direktoru Şahmar Mövsümov bankın Müşahidə Şurasının müstəqil üzvü kimi iclasda iştirak etmişdir.
Yığıncaqda bankın 2013-cü il üçün illik maliyyə hesabatlarının təsdiqi, 2013 əməliyyat ilinin sonuna mənfəətin bölüşdürülməsi, Müşahidə Şurasının 11 nəfərdən ibarət yeni tərkibinin təsdiqlənməsi, bankın növbəti əməliyyat ili üçün auditorunun seçilməsi, bank nizamnaməsinin yeni mətninin təsdiq olunması və digər əhəmiyyətli məsələlər müzakirə edilmişdir.
Iclasda ARDNF-nin İcraçı direktoru Ş.Mövsümov Bank VTB ASC-nin yeni tərkibli Müşahidə Şurasının müstəqil üzvü seçilmişdir.
Qeyd edək ki, 2013-cü ildə ARDNF Bank VTB ASC tərəfindən yeni emissiya edilmiş 500 milyon ABŞ dolları həcmində səhmləri alaraq bankın ümumi səhm kapitalında 2,99%-lik paya sahib olmuşdur.