2014-cü il oktyabr ayının 3-də Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF) Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün (MHŞT) Azərbaycanda tətbiqinə dair Çoxtərəfli Qrupun (ÇQ) iclası keçirilmişdir.
İclas zamanı 2013-cü ili əhatə edən Hökumətin Hesabatı və Auditor hesabatının ilkin layihəsi ÇQ üzvlərinə təqdim edilmiş və tərəflərin bir ay ərzində hesabatlara dair öz fikirlərini bildirmələri qərara alınmışdır.
İclasda İctimai birliklərin MSŞA Koalisiyası üzvü olan təşkilatların fəaliyyətində yaranmış çətinliklər və digər məsələlər müzakirə edilmişdir.
MHŞT xüsusi çoxtərəfli və şirkətlər, hökumətlər, sərmayəçilər və vətəndaş cəmiyyəti təşkilatları tərəfindən dəstəklənən könüllü təşəbbüsdür. MHŞT neft, qaz və mədən hasilatı sahəsində şəffaflığın təmin edilməsində qlobal standartdır. Azərbaycan MHŞT prosesinə 2003-cü ildə qoşulmuşdur. Azərbaycan MHŞT-nin qiymətləndirilməsi prosesindən keçən və MHŞT-nin tamhüquqlu üzvü statusunu alan ilk MHŞT ölkəsidir. MHŞT prinsip və meyarlarına tam cavab verən ölkə olması və MHŞT-nin tətbiqi sahəsində əldə etdiyi nailiyyətlərə görə Azərbaycana "2009-cu il MHŞT mükafatı" təqdim edilmişdir.