Dekabrın 29-da Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) yaradılmasının 15 ili tamam olur. 15 il ərzində beynəlxalq səviyyədə tanınmış təşkilata çevrilmiş Neft Fondunun yaradılması ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş milli neft strategiyasının uğurlu nəticəsidir. Məhz bu strategiyaya əsasən neft və qaz gəlirlərinin toplanaraq səmərəli idarə edilməsi, həmin vəsaitlərin öncül sahələrin inkişafına və sosial-iqtisadi baxımdan mühüm əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsinə yönəldilməsi məqsədilə 1999-cu ildə Heydər Əliyevin müdrik qərarı ilə Neft Fondu yaradıldı.
Fəaliyyətə başladığı vaxtdan etibarən Neft Fondu qarşısına qoyulan məqsədlərə nail olmaq üçün bir sıra mühüm tədbirlər həyata keçirmiş, bu öhdəlikləri layiqincə yerinə yetirmişdir.
2001-ci ildə Neft Fondunda 270 mln. ABŞ dolları məbləğində vəsait vardısa, 29 dekabr 2014-cü il tarixinə bu rəqəm artıq 37 mlrd. ABŞ dollarını keçmişdir.
Bugün Fond tərəfindən bu vəsaitlər səmərəli şəkildə idarə edilir, ölkəmizin sosial-iqtisadi tərəqqisi naminə mühüm ümummilli layihələrin maliyyələşdirilməsi həyata keçirilir.
Ümummilli lider Heydər Əliyevin müdrik qərarı ilə Neft Fondundan ilk vəsaitlər qaçqınların və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı tədbirlərin maliyyələşdirilməsinə yönəldilmişdir. Ölkəmiz üçün çox mühüm iqtisadi, siyasi, strateji əhəmiyyətə malik olan Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəmərinin, Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisi layihələrinin maliyyələşdirilməsi də Neft Fondu tərəfindən həyata keçirilmişdir. Bu layihələrlə yanaşı Fond tərəfindən hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən və iqtisadi səmərəlilik, sürət və vaxt tezliyi, təhlükəsizlik və etibarlılıq baxımından böyük əhəmiyyət kəsb edən "Bakı-Tbilisi-Qars yeni dəmir yolu xətti”, Samur-Abşeron suvarma sisteminin yenidən qurulması, "Star" neft emalı kompleksinin tikintisi layihələrinin və bu ilin sentyabrında Prezident İlham Əliyevin iştirakı ilə təməli qoyulan Cənub Qaz dəhlizinin maliyyələşdirilməsi həyata keçirilir.
Neft Fondu tərəfindən maliyyələşdirilən mühüm layihələrdən biri də Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilən "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"dır. Bu layihənin həyata keçirilməsi “qara qızılın insan kapitalı”na çevrilməsi ideyasının reallaşmasında mühüm addım hesab edilə bilər.
Yaradıldığı gündən etibarən şəffaflıq Neft Fondunun fəaliyyətinin əsas prinsiplərindən birini təşkil edir. Məhz şəffaf fəaliyyətinin nəticəsi olaraq 2007-ci ilin mayında Neft Fondu “BMT-nin Dövlət Qulluğu Mükafatı” ilə təltif edilmişdir. Neft Fondu Şərqi Avropa və MDB ölkələrinin dövlət təşkilatları arasında bu mükafata layiq görülən birinci dövlət qurumudur.
Ötən dövr ərzində Neft Fondunun vəsaitlərin idarə edilməsi sahəsindəki fəaliyyətində də yeniliklər həyata keçirilmişdir. ARDNF investisiya portfelinə səhmlər, daşınmaz əmlak və qızıl kimi yeni investisiya alətlərini daxil etmişdir.
Məhz həyata keçirilən bütün bu tədbirlər sayəsində bugün Fond nəinki Azərbaycan, eyni zamanda beynəlxalq aləmdə institusional quruculuq, vəsaitlərin səmərəli idarə edilməsi, əməliyyatların şəffaflığı və informasiyanın açıqlığına görə fərqlənən və bu sahədə yüksək nüfuza malik qurum kimi tanınır.