Dekabrın 29-da Azərbaycan Respublikası Dövlət Neft Fondunun yeni inzibati binasının cənab Prezident İlham Əliyevin iştirakı ilə açılış mərasimi keçirilmişdir. ARDNF-nin yeni inzibati binası yüksək beynəlxalq standartlara uyğun olan ən son texnoloji yenilikləri və Azərbaycan xalçaçılıq məktəblərinin qədim tarixini birləşdirən unikal layihədir.
İnzibati binanın təməli 29 dekabr 2009-cu ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin iştirakı ilə qoyulmuşdur.
Ümumi sahəsi 35 834 m2 olan ikimərtəbəli yeraltı dayanacaqla birlikdə 24 mərtəbəli “A” sinif binanın hündürlüyü 117 metrdir (qüllə ilə birlikdə 140 m).
Yeni inzibati binada akt zalı, yeməkxana, konfrans zalı, iclas zalları, 2 hissədən ibarət qış bağı, “Petroleum lounge”, kitabxana və xəzinə yerləşir. Yeni inzibati binanın tikintisi zamanı bütün otaq və zallar ən son texnoloji avadanlıqlarla təmin olunmuşdur.
Binanın ikinci mərtəbəsində yerləşən muzeydə Azərbaycanın neft tarixini, ümummilli lider Heydər Əliyevin neft strategiyasını, Dövlət Neft Fondunun fəaliyyətini, maliyyələşdirdiyi layihələri, investisiyaları, əldə etdiyi nailiyyətləri əks etdirən stendlər yerləşir.
Neft Fondunun yeni inzibati binasında informasiya texnologiyalarının işini təmin etmək məqsədilə “TIER 3” beynəlxalq standartları əsasında qurulmuş “Data Center” yaradılmışdır. Binada Azərbaycanda ilk dəfə olaraq Bina İdarəetmə Sistemi (BMS) quraşdırılmışdır. Bu sistem özündə inzibati binanın texniki, təhlükəsizlik və informasiya texnologiyaları məsələlərinin həllini təmin edən sistemləri birləşdirir.