2015-ci il aprel ayının 10-da Şirvan şəhərində Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün (MHŞT) Azərbaycanda tətbiqinə dair Çoxtərəfli Qrupun (ÇQ) 2015-ci il İş planına uyğun olaraq “Regionlarda dəyirmi masalar” silsilə tədbirlərin keçirilməsinə başlanılmışdır. Dünya Bankının dəstəyi ilə keçirilən bu tədbirlər çərçivəsində müxtəlif regionlarda vətəndaş cəmiyyətinin, yerli icra orqanlarının nümayəndələrinin və sadə vətəndaşların MHŞT ilə bağlı geniş şəkildə məlumatlandırılması və maarifləndirilməsi məqsədilə görüşlərin keçirilməsi nəzərdə tutulmuşdur. Şirvanda keçirilən ilk belə tədbir zamanı ÇQ-nin üzvləri tədbir iştirakçılarına MHŞT haqqında ətraflı məlumat vermişlər.
MHŞT xüsusi çoxtərəfli və şirkətlər, hökumətlər, sərmayəçilər və vətəndaş cəmiyyəti təşkilatları tərəfindən dəstəklənən könüllü təşəbbüsdür. MHŞT neft, qaz və mədən hasilatı sahəsində şəffaflığın təmin edilməsində qlobal standartdır. Azərbaycan MHŞT prosesinə 2003-cü ildə qoşulmuşdur. Azərbaycan MHŞT-nin qiymətləndirilməsi prosesindən keçən və MHŞT-nin tamhüquqlu üzvü statusunu alan ilk MHŞT ölkəsidir. MHŞT prinsip və meyarlarına tam cavab verən ölkə olması və MHŞT-nin tətbiqi sahəsində əldə etdiyi nailiyyətlərə görə Azərbaycana "2009-cu il MHŞT mükafatı" təqdim edilmişdir.