2016-cı il 24-25 fevral tarixlərində Perunun Lima şəhərində Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünə dair (MHŞT) VII Qlobal Konfrans keçirilmişdir. MHŞT üzrə hökumət Komissiyasının sədri, Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı direktoru Şahmar Mövsümovun başçılıq etdiyi nümayəndə heyəti konfransda iştirak etmişdir.
Konfrans çərçivəsində MHŞT üzrə Beynəlxalq İdarə Heyətinin 32 və 33-cü iclasları keçirilmişdir. Beynəlxalq İdarə Heyəti tərəfindən MHŞT Standartlarına dəyişikliklər edilmiş, iki ölkəyə (Dominikan Respublikası və Almaniya Federativ Respublikası) namizədlik statusu verilməsi qərara alınmışdır. Beləcə, MHŞT-ni tətbiq edən ölkələrin sayı 51-ə yüksəlmişdir. 4 ölkə (Konqo Demokratik Respublikası, Qana, Monqolustan və Filippin) 2016 MHŞT Mükafatına layiq görülmüşdür.
Konfrans çərçivəsində, həmçinin, Beynəlxalq İdarə Heyətinə seçilmiş yeni üzvlər və Beynəlxalq İdarə Heyətinin yeni sədri, cənab Frederik Raynfeld konfrans iştirakçılarına təqdim edilmişdir.
“Aşağı xammal qiymətləri dövründə idarəetmənin təkmilləşdirilməsi” adlı paneldə iştirak edən Ş.Mövsümov Azərbaycanın bu sahədə təcrübəsinə dair çıxış etmişdir.
Eyni zamanda, VII Qlobal Konfrans çərçivəsində MHŞT üzrə Milli Sərgi keçirilmiş və Azərbaycan nümayəndə heyəti həmin sərgidə iştirak etmişdir. Milli Sərgidə Azərbaycana aid video və foto materiallar, MHŞT-nin Azərbaycanda tətbiqinə dair müxtəlif broşür və kitabçalar, hesabatlar, xatirə hədiyyələri konfrans iştirakçılarına təqdim edilmişdir.
MHŞT xüsusi çoxtərəfli və şirkətlər, hökumətlər, sərmayəçilər və vətəndaş cəmiyyəti təşkilatları tərəfindən dəstəklənən könüllü təşəbbüsdür. MHŞT neft, qaz və mədən hasilatı sahəsində şəffaflığın təmin edilməsində qlobal standartdır. Azərbaycan MHŞT prosesinə 2003-cü ildə qoşulmuşdur. MHŞT-nin tətbiqi sahəsində əldə etdiyi nailiyyətlərə görə Azərbaycana "2009-cu il MHŞT mükafatı" təqdim edilmişdir.