2016-cı ilin 1-2 mart tarixlərində Bakı şəhərində Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) da üzvü olduğu Suveren Fondların Beynəlxalq Forumunun (SFBF) “Bilik mübadiləsi” mövzusunda görüşü keçirilir.
ARDNF-nin təşəbbüsü və təşkilatçılığı ilə Foruma üzv suveren fondların yüksək səviyyəli rəsmilərinin iştirakı ilə baş tutan bu görüş SFBF-nin illik iclaslarından kənar keçirilən ilk tədbiridir. ARDNF bu görüşdə İcraçı direktor Şahmar Mövsümovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə iştirak edir.
Görüşün əsas məqsədi adıçəkilən quruma üzv fondlar arasında bilik və təcrübə mübadiləsinin asanlaşdırılması ilə bağlı müzakirələr aparmaq, eləcə də bu istiqamətdə konkret nəticələrə nail olmaqdır.
Tədbirdə eyni zamanda Azərbaycana investisiya qoyuluşlarının təşviqi istiqamətində müvafiq təqdimat keçirilmişdir.
Ümumilikdə təqribən 5,5 trilyon ABŞ dolları həcmində vəsaitlərin idarə olunduğu 29 ölkədən 30 suveren fondu özündə birləşdirən SFBF 2009-cu il aprelin 5-6-da Əl-Küveyt şəhərində keçirilmiş iclasda yaradılmış və ilk rəsmi iclasını da məhz 2009-cu il 8-9 oktyabr tarixlərində Bakı şəhərində keçirmişdir. Yarandığı tarixdən etibarən ARDNF-nin daim fəal şəkildə təmsil olunduğu SFBF könüllü qrup olub, əsas məqsədi Suveren Fondların ümumi maraqlarına dair məsələlər ətrafında fikir mübadiləsi aparmaq, eləcə də Santyaqo prinsipləri və Suveren Fondların fəaliyyətinin anlaşılmasını asanlaşdırmaqdır.