2016-cı il aprel ayının 15-də Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF) Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün (MHŞT) Azərbaycanda tətbiqinə dair Çoxtərəfli Qrupun (ÇQ) növbəti iclası keçirilmişdir.
İclas zamanı iştirakçılar MHŞT üzrə son yeniliklər barədə məlumat almış, həmçinin, 2016-cı il 24-25 fevral tarixlərində Limada keçirilmiş MHŞT üzrə VII Qlobal Konfransda yenilənmiş MHŞT Standartı, növbəti MHŞT hesabatlılığının Auditor üçün Şərtlər Toplusu və hesabatlılığın yeni qəbul edilmiş standartlara uyğunlaşdırılması, növbəti qiymətləndirmə və tamhüquqlu üzvlüyün bərpası üçün islahedici tədbirlər üzrə Fəaliyyət Planının icrası, MHŞT-nin Azərbaycanda tətbiqinin təkmilləşdirilməsi üçün qanunvericiliyə dəyişikliklərə dair Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyi tərəfindən hazırlanmış tövsiyə sənədi, Təbii Resursların İdarə edilməsi İnstitutu (NRGİ) ilə QHT Koalisiyasının birgə hazırladığı MHŞT üzrə elektron hesabatlılığa dair internet səhifəsi (www.azeitireport.org), 2015-ci il üzrə Fəaliyyət Hesabatı, ÇQ-nin Davranış Kodeksi, 2014-cü il MHŞT Hesabatı üzrə Mədən Sənayesində Şəffaflığın Artırılması (MSŞA) QHT Koalisiyasının rəyinin təqdimatı və digər məsələlər ətrafında müzakirələr aparmışlar.
MHŞT xüsusi çoxtərəfli və şirkətlər, hökumətlər, sərmayəçilər və vətəndaş cəmiyyəti təşkilatları tərəfindən dəstəklənən könüllü təşəbbüsdür. MHŞT neft, qaz və mədən hasilatı sahəsində şəffaflığın təmin edilməsində qlobal standartdır. Azərbaycan MHŞT prosesinə 2003-cü ildə qoşulmuşdur. MHŞT-nin tətbiqi sahəsində əldə etdiyi nailiyyətlərə görə Azərbaycana "2009-cu il MHŞT mükafatı" təqdim edilmişdir.