Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) idarə etdiyi Səhm İştirak Fonduna 100 milyon avro məbləğində sərmayə yatırılması nəzərdə tutulmuşdur.
Səhm İştirak Fondu institusional investorlara AYİB-in Mərkəzi və Şərqi Avropa, Mərkəzi Asiya, Cənub-Şərqi Aralıq hövzəsi ölkələri, eləcə də Türkiyə regionundakı birbaşa investisiya portfelində iştirak etməklə maliyyə, sənaye, kənd təsərrüfatı, infrastruktur və enerji sektorlarında uzunmüddətli kapital artımını hədəfləyən yatırımlar həyata keçirmək imkanı yaradır.
ARDNF-nin İcraçı direktoru Şahmar Mövsümov sözügedən investisiya ilə bağlı şərh verərək bildirmişdir: “Səhm İştirak Fonduna investisiya bizim investiya portfelinin müxtəlif maliyyə alətləri və coğrafi regionlara diversifikasiyası ilə bağlı investisiya strategiyamızın davamıdır. Bu innovativ investisiya strukturu həmçinin regionda bu sahədə böyük və uzunmüddətli təcrübəyə malik AYİB ilə əməkdaşlığa imkan verəcəkdir. AYİB-in həyata keçirdiyi investisiyalar bizim də hədəf seçdiyimiz bir sıra uzunmüddətli inkişaf göstəriciləri ilə səciyyələnir və biz inanırıq ki, bu investisiyalar Fonda riskləri nəzərə almaqla yüksək gəlirlilik qazandıracaqdır”.