Son zamanlar müxtəlif kütləvi informasiya vasitələrində (KİV) Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) “zərər” və “itki”lərə yol verməsi barədə bir sıra özünü “ekspert” adlandıran şəxslər tərəfindən açıqlanan həqiqəti əks etdirməyən, yanlış ictimai rəy formalaşdırmağa yönəldilən, səhv və qərəzli məlumatlar yayımlanmaqdadır.
Bu məsələ ilə əlaqədar ARDNF tərəfindən dəfələrlə müxtəlif açıqlamalar verilsə də, KİV-lər tərəfindən bu tip fikirlər Neft Fondu ilə dəqiqləşdirilmədən və Fondun müvafiq izahatı olmadan yayılmaqdadır.
Bildiyiniz kimi, ARDNF-nin investisiya portfeli ABŞ dolları, Avro, ingilis funt sterlinqi və digər valyutalarda ifadə olunan aktivlərdən təşkil olunmuşdur. Bu investisiyaların həyata keçirilməsində müvafiq valyutalar sadəcə vasitədir, yəni onların bir-birinə qarşı, və yaxud da ABŞ dollarına qarşı məzənnə dəyişkənliyi Fondun vəsaitlərinin alıcılıq qabiliyyətinə təsir etmir, yəni bugün 1 Avronun Avrozona ölkələrində, və yaxud da 1 Yaponiya yeninin Yaponiyada dəyəri, habelə alıcılıq qabiliyyəti valyuta fərqləri əsasında formalaşmır. Fondun investisiya portfelinin dəyərinin ABŞ dolları ilə ifadə edilməsi sadəcə olaraq ümumiləşdirilmiş göstəricidir.
Bugün “zərər”, “itki” kimi ifadəli başlıqlarla KİV-də yer alan xəbərlərdə sadəcə olaraq Fondun vəsaitlərinin ABŞ dolları ifadəsində müvafiq dövr ərzində qısamüddətli məzənnə dəyişkənliyindən əmələ gələn fərq başa düşülür. ARDNF bu kimi dəyişkənlikdən heç bir zərər realizə etmir və vəsaitlərin həcmində heç bir itki baş vermir.
Bir daha vurğulamaq yerinə düşərdi ki, hal-hazırda KİV-də də qeyd edildiyi kimi digər valyutalara qarşı möhkəmlənməkdə olan ABŞ dolları Fondun investisiya portfelinin valyuta tərkibinin bir hissəsidir və onun payı 50%-dir.
Yuxarıda qeyd edilənləri nəzərə alaraq və ictimaiyyəti doğru şəkildə məlumatlandırmaq məqsədilə Dövlət Neft Fondunun fəaliyyətinə dair bütün məlumatların Fond ilə dəqiqləşdirilməsini xahiş edirik.