2016-cı il dekabr ayının 15-də Azərbaycan Mətbuat Şurası və Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) birlikdə Azərbaycanın Dövlət Müstəqilliyinin 25-ci ildönümü münasibətilə elan etdikləri və kütləvi informasiya vasitələrinin nümayəndələri arasında keçirilmiş “Azərbaycanın müstəqilliyinin iqtisadi bünövrəsində milli neft strategiyasının rolu: Azərbaycan Respublikası Dövlət Neft Fondu milli neft strategiyasının tərkib hissəsi kimi” mövzusunda analitik yazı müsabiqəsinin nəticələrinin elan olunması və qaliblərin mükafatlandırılması ilə bağlı tədbir keçirilib.
Dövlət Neft Fondunda təşkil olunmuş tədbirdə Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov, ARDNF-nin İcraçı direktorunun müavini İsrafil Məmmədov, Mətbuat Şurasının üzvləri, jurnalistlər iştirak ediblər.
Tədbirdə iştirakçılara müsabiqənin nəticələri barədə məlumat verilib və sonda qaliblərin adları açıqlanıb.
Ümumilikdə 29 jurnalistin iştirak etdiyi müsabiqənin qalibləri “Kaspiy” qəzetinin əməkdaşı Hüquq Salmanov (1-ci yer), “Mədəniyyət” qəzetinin əməkdaşı Vüqar Əliyev (2-ci yer) və “İki sahil” qəzetinin əməkdaşı Elxan Salahov (3-cü yer) olub. Qaliblərə diplom və pul mükafatları təqdim edilib.
Eyni zamanda, CBC telekanalının əməkdaşı Fərəh Əliyeva, “Moderator.az” saytının əməkdaşı Seymur Əliyev və “Mövqe” qəzetinin əməkdaşı Rüfət Sultanov həvəsləndirici mükafatlara layiq görülüb.
Tədbir iştirakçıları eyni zamanda Fondun inzibati binası, həmçinin Fondun investisiya departamentinin fəaliyyəti ilə yerində tanış olmuşlar.