Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) bildirir ki, 2018-ci ilin yanvar-iyun ayları ərzində ARDNF-nin büdcə gəlirləri 9 173,7 milyon manat, büdcə xərcləri isə 4 731,6 milyon manat təşkil etmişdir.
2018-ci ilin yanvar-iyun ayları ərzində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 8 665,7 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 7 889,5 milyon manat, bonus ödənişləri 765,2 milyon manat, tranzit gəlirləri 10,5 milyon manat, akrhesabı ödənişlər 0,5 milyon manat təşkil etmişdir.
Hesabat dövrü ərzində Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 508,0 milyon manata bərabər olmuşdur.
Hesabat dövrü ərzində ARDNF-nin 2018-ci il büdcəsinin icrası çərçivəsində 4 608,0 milyon manat vəsait dövlət büdcəsinə transfert edilmişdir. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 84,5 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 19,1 milyon manat, Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsinə 7,5 milyon manat vəsait ayrılmışdır. 2,0 milyon manat vəsait "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsinə yönəldilmişdir. 2018-ci ilin yanvar-iyun ayları ərzində ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 10,5 milyon manat təşkil etmişdir.
Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-nin büdcədənkənar xərcləri 838,5 milyon manat təşkil etmişdir.
2018-ci il iyulun 1-ə Fondun aktivləri 2018-ci ilin əvvəlinə (35 806,5 milyon ABŞ dolları) nisbətən 6,22% artaraq 38 036,1 milyon ABŞ dolları təşkil etmişdir ki, aktivlər üzrə bu göstərici ARDNF-nin ümumi fəaliyyəti dövrü ərzində ən yüksək hədd olmuşdur. Aktivlərin artımı Fondun büdcə gəlirləri, o cümlədən vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirlər hesabına olmuşdur.