oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

ARDNF-nin yaradılmasının 20 ili tamam olur

29 Dec 2019 11:40:00

ARDNF-nin yaradılmasının 20 ili tamam olur

29 Dec 2019 11:40:00

Bu gün Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 20 illik yubileyini qeyd edir. 29 dekabr 1999-cu ildə ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsində hazırlanmış milli neft strategiyasının tərkib hissəsi olaraq neft-qaz ehtiyatlarına dair sazişlərin həyata keçirilməsindən əldə olunan gəlirlərin toplanması, səmərəli idarə edilməsi və gələcək nəsillər üçün qorunub saxlanmasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Dövlət Neft Fondu yaradıldı.

ARDNF fəaliyyət göstərdiyi müddətdə qarşısına qoyulan məqsədlərə nail olmaq üçün mühüm tədbirlər həyata keçirmiş, Azərbaycan üçün prioritet sayılan strateji vacib, irimiqyaslı yerli və beynəlxalq əhəmiyyətə malik sosial-iqtisadi layihələrin maliyyələşdirilməsində uğurla iştirak etmiş, institusional cəhətdən yüksək inkişaf etmiş, beynəlxalq arenada şəffaf imicə malik quruma çevrilmişdir.

Fəaliyyətə başlayarkən 271 milyon ABŞ dolları həcmində aktivləri olan Fondun vəsaitləri bu il ilk dəfə olaraq 40 milyard ABŞ dollarını keçmişdir. Dövlət Neft Fonduna yarandığı vaxtdan 30 noyabr 2019-cu il tarixinə qədər ümumilikdə təqribən 158,4 milyard ABŞ dolları həcmində vəsait daxil olmuşdur ki, bunun da 151,5 milyard ABŞ dollarını neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirlər, 6,9 milyard ABŞ dollarını isə Fondda toplanan vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirlər təşkil edir.

Dövlət Neft Fondunun vəsaitlərinin bir hissəsi dövlət büdcəsinə transfert edilir ki, bununla da ölkədə makroiqtisadi sabitliyin və fiskal dayanıqlığın qorunması təmin edilir. Dövlət Neft Fondundan ayrılan ilk vəsait Ermənistanın Azərbaycana təcavüzü nəticəsində öz yaşayış yerlərini tərk etməyə məcbur olmuş, müvəqqəti olaraq çadır şəhərciklərində məskunlaşmış qaçqın və məcburi köçkünlərin sosial-məişət problemlərinin həllinə yönəldilib. Bu prosesin davamı olaraq, Prezident İlham Əliyevin 2003-cü ildə söz verdiyi kimi bir neçə ilə çadır şəhərcikləri tamamilə ləğv edildi, orada yaşayan insanlar üçün lazımı infrastrukturla təchiz edilmiş yeni qəsəbələr salındı. Ölkəmiz üçün çox mühüm iqtisadi, strateji əhəmiyyət kəsb edən Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəmərinin, Oğuz-Qəbələ-Bakı su kəmərinin, Samur-Abşeron suvarma sisteminin yenidən qurulması, "Star" neft emalı kompleksinin, o cümlədən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən və iqtisadi səmərəlilik, sürət və vaxt tezliyi, təhlükəsizlik və etibarlılıq baxımından mühüm olan "Bakı-Tbilisi-Qars yeni dəmir yolu xətti”nin tikintisi layihələri, “Cənub Qaz Dəhlizi” QSC-nin nizamnamə kapitalında dövlətin iştirak payının maliyyələşdirilməsi də ARDNF tərəfindən həyata keçirilib.

Dövlət Neft Fondu tərəfindən maliyyələşdirilən mühüm layihələrdən biri də “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı”dır. Belə ki, Prezident İlham Əliyevin “qara qızılın insan kapitalına çevrilməsi” konsepsiyasına xidmət edən bu proqram çərçivəsində 3500-ə qədər gənc dünyanın 32 ölkəsində olan ən nüfuzlu ali məktəblərində təhsil almaq imkanı əldə edib ki, bu da Fondun ölkənin gələcək inkişafına, kadr potensialının yüksəldilməsinə istiqamətlənmiş ən böyük sərmayədir. Ümumilikdə bütün bu layihələrin icrasına Fond tərəfindən 9,4 milyard ABŞ dolları həcmində vəsait sərf edilib.

Məlum olduğu kimi Dövlət Neft Fondunun əsas vəzifələrindən biri toplanan vəsaitləri mümkün risklər nəzərə alınmaqla səmərəli yerləşdirmək və onun gələcək nəsillər üçün davamlı gəlir mənbəyinə çevrilməsini təmin etməkdir. Bu istiqamətdə Fondun fəaliyyətinin əsasını uzunmüddətli dövr üçün nəzərdə tutulmuş şaxələndirilmiş qlobal investisiya portfelinin qurulması təşkil edir. Hazırda Fondun şaxələndirilmiş investisiya portfelinə daxil olan aktivlər dünyanın 50-dən çox ölkəsində ABŞ dolları, Avro, İngilis funt sterlinqi və digər valyutalarda ifadə olunan istiqrazlar, səhmlər, daşınmaz əmlak və qızıl kimi maliyyə aktivlərində saxlanılır.

Hal-hazırda Dövlət Neft Fondu təkcə birjada kotirovka olunan səhm yatırımları hesabına dünyanın 1600-dən çox ən iri şirkətlərində səhmdardır.

ARDNF daşınmaz əmlaka investisiya çərçivəsində isə Avropa, Asiya və Sakit Okean Hövzəsi regionlarında London, Moskva, Paris, Tokio, Seul kimi şəhərlərdə birbaşa daşınmaz əmlak investisiyaları həyata keçirib.

Fəaliyyətə başladığı gündən əsas prinsipləri şəffaflıq və hesabatlılıq olan ARDNF hazırda beynəlxalq səviyyədə tanınan, şəffaf fəaliyyəti ilə dünyanın bir çox nüfuzlu təşkilatları tərəfindən yüksək qiymətləndirilən bir qurumdur. 2007-ci ildə Birləşmiş Millətlər Təşkilatı tərəfindən ARDNF-yə BMT-nin “Dövlət xidmətində şəffaflığın, cavabdehliyin və məsuliyyətin artırılması” üzrə mükafatı təqdim edilib. Neft Fondu Şərqi Avropa və MDB ölkələrinin dövlət təşkilatları arasında sözügedən mükafata layiq görülən birinci dövlət qurumudur.

Suveren sərvət fondu olan ARDNF-nin fəaliyyəti daim beynəlxalq ekspertlər tərəfindən yüksək dəyərləndirilir. Belə ki, ARDNF Beynəlxalq İqtisadiyyat üzrə Peterson İnstitutunun əməkdaşı Edvin Truman tərəfindən hazırlanmış suveren fondların qiymətləndirmə cədvəlində 60 suveren fond arasında yüksək göstərici ilə 92 balla 4-cü yerdə, Suveren Fondlar İnstitutunun əməkdaşları tərəfindən yaradılmış “Linaburq-Maduel indeksi”ndə ən yüksək balı toplayaraq az sayda suveren fondla birgə birinci yerdə, 2018-ci ildə Suveren Fondlar İnstitutu tərəfindən tərtib edilmiş dövlət vəsaitlərinin idarə edilməsi üzrə dünyanın ən nüfuzlu 100 investoru siyahısında 10-cu yerdə qərarlaşıb.

ARDNF bundan sonrakı fəaliyyətində də Prezident İlham Əliyev tərəfindən təməli qoyulmuş yeni iqtisadi modelin dayanıqlılığını təmin etməyə öz töhfəsini verməyə və missiyasına sadiq qalaraq ölkənin tərəqqisi naminə çalışmaqda davam edəcəkdir.


Xəbərlərə abunə ol