Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) bildirir ki, 2022-ci ilin yanvar-mart ayları ərzində ARDNF-nin büdcə gəlirləri 2 955,9 milyon manat, büdcə xərcləri isə 2 764,5 milyon manat təşkil etmişdir.
2022-ci ilin yanvar-mart ayları ərzində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 4 616,7 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 3 845,6 milyon manat, bonus ödənişləri 765,3 milyon manat, tranzit gəlirləri 5,8 milyon manat təşkil etmişdir. Beləliklə, qeyd edilən dövrdə ARDNF – nin 2022-ci il büdcəsinin Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər maddəsi üzrə daxilolmalar illik proqnoza nisbətən təqribən 45% səviyyəsində icra edilmişdir.
Ötən rüb ərzində ARDNF-nin aktivlərinin yenidən qiymətləndirilməsi ilə bağlı qısamüddətli bazar dəyəri dəyişkənliyindən yaranan mənfi fərq 1 660,8 milyon manat olmuşdur. Valyuta məzənnələrinin dəyişməsindən yaranan büdcədənkənar gəlir 214,3 milyon manat təşkil etmişdir.
Hesabat dövrü ərzində ARDNF-nin 2022-ci il büdcəsinin icrası çərçivəsində 2 757,0 milyon manat vəsait dövlət büdcəsinə transfert edilmişdir. “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsinə 2,2 milyon manat yönəldilmişdir.
2022-ci ilin yanvar-mart ayları ərzində ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 5,3 milyon manat təşkil etmişdir.
2022-ci il martın 31-ə ARDNF-nin aktivləri 2022-ci ilin əvvəlinə (45 025,1 milyon ABŞ dolları) nisbətən 0,53 % artaraq 45 264,0 milyon ABŞ dolları təşkil etmişdir.
Cari ilin ilk rübündəki qlobal makro-iqtisadi və geo-siyasi vəziyyət maliyyə bazarlarında dalğalanmaları şərtləndirmişdir. Belə ki, dünyanın aparıcı iqtisadiyyatlarında yavaşlama təhdidlərinin qabarıqlaşması, son onilliklərin ən yüksək qlobal inflyasiyası və bunun fonunda aparılan monetar siyasətlərin nəticələri barədə tərəddüdlər eləcə də, post pandemiya və geo-siyasi hadisələrin tələb/təklif zəncirinə yaratdığı əlavə təzyiqlər maliyyə bazarlarının başlıca qeyri-müəyyənliklərindəndir. Maliyyə bazarlarında müşahidə edilən hazırki qeyri - ənənəvi vəziyyət nəticə etibarilə həm qlobal istiqraz bazarları, həm də səhm indekslərində müvafiq enmələrə səbəb olmuşdur ki, bu da ARDNF – nin investisiya portfelinə təsirsiz ötüşməmişdir.
Bununla yanaşı qeyd etmək lazımdır ki, yüksələn enerji qiymətləri neft və qaz satışlarından əldə olunan gəlirlərdə artım ilə nəticələnmişdir ki, bu da öz növbəsində aktivlərin həcminin yüksəlməsinin başlıca səbəbi olmuşdur.