oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

ARDNF-nin 2022-ci ilin yanvar-sentyabr ayları üzrə gəlir və xərclərinə dair məlumat

25 Oct 2022 18:47:00

ARDNF-nin 2022-ci ilin yanvar-sentyabr ayları üzrə gəlir və xərclərinə dair məlumat

25 Oct 2022 18:47:00

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) bildirir ki, 2022-ci il sentyabrın 30-a ARDNF-nin aktivləri 2022-ci ilin əvvəlinə (45 025,1 milyon ABŞ dolları) nisbətən 0.80% artaraq 45 386,4 milyon ABŞ dolları təşkil etmişdir.

2022-ci ilin yanvar-sentyabr ayları ərzində ARDNF-nin büdcə gəlirləri 11 365,9 milyon manat, büdcə xərcləri isə 6 566,9 milyon manat təşkil etmişdir.

2022-ci ilin yanvar-sentyabr ayları ərzində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 15 886,9 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 15 106,2 milyon manat, bonus ödənişləri 768,7 milyon manat, tranzit gəlirləri 7,2 milyon manat, akrhesabı ödənişlər 4,8 milyon manat təşkil etmişdir.

Hesabat dövrü ərzində ARDNF-nin 2022-ci il büdcəsinin icrası çərçivəsində 6 542,0 milyon manat vəsait dövlət büdcəsinə transfert edilmişdir. “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşməsinə 8,1 milyon manat yönəldilmişdir. 2022-ci ilin yanvar-sentyabr ayları ərzində ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 16.8 milyon manat təşkil etmişdir.

Ötən 9 ay ərzində ARDNF-nin aktivlərinin bazar dəyərində qısamüddətli qiymət dəyişkənliklərindən yaranan 4 521,0 milyon manat azalma müşahidə olunmuşdur.

Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-nin büdcədənkənar xərcləri 4 185,2 milyon manat təşkil etmişdir.

Cari ilin 3-cü rübünədək beynəlxalq maliyyə bazalarında yaşananlar ARDNF-nin investisiya portfelində də öz əksini tapmışdır. Belə ki, qlobal iqtisadiyyatlarda müşahidə olunan yüksək inflyasiya, geo-siyasi gərginliyin dərinləşməsi və Çin-ABŞ ticarət zəncirinin tam bərpa olmaması maliyyə bazarlarının qabaqcıl risklərindəndir və bu sadalananlar maliyyə aktivlərinin qiymətlərinə mənfi təsir etmişdir. Həmçinin qeyd etmək lazımdır ki, 2-ci rüblə müqayisədə iqtisadi proqnozlarda nikbinliyinin daha da azalması və bunun fonunda tənəzzül gözləntilərinin artması, bir sıra qabaqcıl iqtisadiyyatların mərkəzi banklarının sərt monetar siyasətinin inflyasiya göstəriciləri üzrə istənilən nəticənin əldə edilməməsi və Böyük Britaniyadakı hakimiyyətin fiskal siyasətindəki qərarsızlıq son rübdə investorlar tərəfindən əlavə çağırışlar kimi səciyyələnir ki, bu da həm səhm, həm də istiqraz indekslərində geriləmələrə səbəb olmuşdur. Eyni zamanda, ABŞ Mərkəzi bankının inflyasiya tədbirlərinin, o cümlədən əhəmiyyətli faiz artımının digər ölkələr ilə müqayisədə daha böyük olması və daha öncə baş tutması ABŞ dollarına tələbə əlavə dəstək olmuş və nəticədə digər ölkələrin valyuta məzənnələrinin dollara nisbətdə əhəmiyyətli dəyərsizləşməsinə səbəb olmuşdur. Bir çox institusional investorların, o cümlədən suveren fondların investisiya portfellərində olduğu kimi ARDNF-nin də vəsaitləri əsasən müxtəlif valyutalarda ifadə edilən birjada kotirovka olunan səhm və istiqrazlardan (investisiya portfelinin təxminən 80%-i) ibarətdir. Maliyyə bazarlarında yaşanan bu dalğalanmalar qeyd edilən investorlarla bərabər ARDNF-nin də investisiya portfelində realizə edilməmiş müvəqqəti geriləmələrlə müşahidə olunmuşdur.


Xəbərlərə abunə ol