2023-cü ilin 24-27 sentyabr tarixlərində İspaniyanın Madrid şəhərində Suveren Fondların Beynəlxalq Forumunun (SFBF) on beşinci illik iclası keçirilir. Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) İcraçı direktoru İsrafil Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti iclasda iştirak edir.
İspaniyanın “COFIDES” qurumunun ev sahibliyi ilə “Keçid dövründə investisiya” başlığı altında keçirilən tədbirdə artan neqativ tendensiyalar fonunda investorların yanaşmaları, enerji keçidi mövzusunda yeni imkanların yaradılması, inflyasiyanın maliyyə bazarları və qlobal iqtisadiyyata təsiri, Suveren İnkişaf Fondları və digər maliyyə təşkilatları arasında birgə investisiya tərəfdaşlığı, rəqəmsal transformasiya mühitində kibertəhlükəsizlik və süni intellektin əhəmiyyəti kimi fərqli mövzuları əhatə edən təqdimatlar və panel sessiyalarının təşkil olunması nəzərdə tutulur.
Məlumat üçün bildiririk ki, SFBF-nin on dördüncü illik iclası ötən il Azərbaycan Respublikası Dövlət Neft Fondunun təşkilatçılığı ilə Bakıda baş tutmuşdur.
Suveren Fondların Beynəlxalq Forumu Suveren Fondların Beynəlxalq İşçi Qrupunun 2009-cu il aprelin 5-6-da Əl-Küveyt şəhərində keçirilmiş iclasında yaradılmışdır və ilk rəsmi iclasını 2009-cu il 8-9 oktyabr tarixlərində Bakı şəhərində keçirmişdir. SFBF könüllü qrup olub, əsas məqsədi Suveren Fondların ümumi maraqlarına dair məsələlər ətrafında fikir mübadiləsi aparmaq və Santyaqo prinsipləri və Suveren Fondların fəaliyyətinin anlaşılmasını asanlaşdırmaqdır.