Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) yaradılmasının 25-ci ildönümü münasibətilə keçirilən silsilə tədbirlər çərçivəsində Xəzər Universitetində “Azərbaycanda Dayanıqlı İqtisadi İnkişafın Təmin Edilməsində ARDNF-nin Rolu” mövzusunda infosessiya keçirilib.
9 oktyabr tarixində baş tutan tədbirdə ARDNF-nin Strateji kommunikasiya şöbəsinin müdiri Ülviyyə Mehralıyeva, İnvestisiya departamentinin baş treyderi Nəzrin Mansurlu və Enerji layihələri departamentinin aparıcı iqtisadçısı Kamran Əlizadə tərəfindən tələbələrə Fondun missiyası, məqsədi, dəyərləri, investisiya fəaliyyəti, maliyyələşdirdiyi ümummilli layihələr, eləcə də, maliyyə bazarlarında baş verən dalğalanmalar və cari vəziyyət haqqında ətraflı məlumat təqdim olunub.
Tələbələri və Fond əməkdaşlarını salamlayan Xəzər Universitetinin İqtisadiyyat və Menecment Fakültəsinin dekan əvəzi Xanım Öməroğlu gənc nəslin maliyyə savadlılığının artırılması istiqamətində görülən işlər çərçivəsində ARDNF-nin tələbələr üçün təşkil etdiyi bu infosessiyaların olduqca faydalı və önəmli olduğunu vurğulayıb.
Xəzər Universitetinin Karyera və Məzunlar Mərkəzinin direktoru Zərifə Əliyeva isə öz çıxışında ARDNF ilə əməkdaşlıqdan məmnunluğunu bildirərək, gələcəkdə bu işbirliyinin daha da genişlənəcəyinə inamını ifadə edib.
Tələbələrin suallarını cavablandıran ARDNF əməkdaşları onlarla peşakar fəaliyyətləri müddətində qazanılan təcrübələri və öz tövsiyələrini bölüşüblər.