Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) İcraçı direktoru İsrafil Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan ilə İtaliya arasında uzunmüddətli tərəfdaşlığın möhkəmləndirilməsinə yönəlmiş investisiya imkanlarının araşdırılması məqsədilə İtaliyada işgüzar səfərdə olub.
Səfər çərçivəsində İsrafil Məmmədov İtaliyanın bir sıra hökumət rəsmiləri, o cümlədən Xarici işlər nazirinin müavini Edmondo Çirielli, “Made in Italy” naziri Adolfo Urso, eləcə də İqtisadiyyat və xəzinədarlıq nazirliyinin baş direktoru Marçello Sala ilə görüşlər keçirib. Müzakirələrdə Azərbaycan və İtaliya arasında möhkəm iqtisadi əməkdaşlıqla yanaşı, ikitərəfli münasibətlərin genişləndirilməsi və qarşılıqlı investisiya fəaliyyətlərinin dərinləşdirilməsi diqqət mərkəzində olub.
İtaliya kapital bazarında 2,3 milyard ABŞ dollar həcmində investisiya portfelinə malik ARDNF-nin nümayəndə heyəti həmçinin İtaliyanın rəqəmsal, nəqliyyat və enerji sahələri üzrə aparıcı infrastruktur şirkətlərinin və investorların nümayəndələri, o cümlədən “FiberCop” şirkətinin İcraçı direktoru Luigi Ferraris; “TIM” şirkətinin İcraçı direktoru Pietro Labriola; “Vitale & CO” şirkətinin rəhbəri Orlando Barucci və partnyoru professor Fabrizio Pagani; “SNAM” ın İcraçı direktoru Stefano Venier və Maliyyə direktoru Luca Passa; “Open Fiber” şirkətinin rəhbəri Paolo Ciocca və “CDP” şirkətinin rəhbəri Giovanni Gorno Tempini ilə görüşüb.
Görüşlərdə ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin mövcud vəziyyəti, qarşılıqlı sərmayələrin təşviqi və əməkdaşlığın inkişaf perspektivləri barədə müzakirələr aparılıb və bir çox sektorlar üzrə tərəfdaşlıq əlaqələrinin genişləndirilməsinin vacibliyi vurğulanıb. Tərəflər iqtisadi əməkdaşlığın, dayanıqlı inkişafın və birgə sərmayələrin təşviqinə dair qarşılıqlı maraq ifadə ediblər. Müzakirələrdə Azərbaycan-İtaliya tərəfdaşlığının daha da genişləndirilməsinə töhfə verəcək mühüm sosial, ekoloji və iqtisadi təsirə malik əməkdaşlıq sahələrinə dair qarşılıqlı fikir mübadiləsi aparılıb.