Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) yaradılmasının 25-ci ildönümü münasibətilə keçirilən silsilə tədbirlər çərçivəsində “Azərbaycanda Dayanıqlı İqtisadi İnkişafın Təmin Edilməsində ARDNF-nin Rolu” mövzusunda növbəti infosessiya Bakı Ali Neft Məktəbində (BANM) baş tutub.
23 oktyabr tarixində keçirilən tədbirdə ARDNF-nin Strateji kommunikasiya şöbəsinin aparıcı mütəxəssisi Aynurə Səmədova, Enerji layihələri departamentinin aparıcı iqtisadçısı Kamran Əlizadə və İnvestisiya departamentinin baş treyderi Nəzrin Mansurlu tərəfindən tələbələrə Fondun missiyası, məqsədi, dəyərləri, investisiya fəaliyyəti, maliyyələşdirdiyi ümummilli layihələr, eləcə də, maliyyə bazarlarında baş verən dalğalanmalar və cari vəziyyət haqqında ətraflı məlumat təqdim olunub.
BANM-ın Karyera və məzunlarla iş departmentinin rəhbəri Könül Əhmədova tədbir iştirakçılarını salamlayaraq, öz çıxışında ARDNF-yə bu təşəbbüsündən dolayı təşəkkür edib və Fond ilə uğurlu əməkdaşlıqdan məmnunluğunu ifadə edib.
Tələbələrin suallarını cavablandıran ARDNF əməkdaşları onlarla peşakar fəaliyyətləri müddətində qazanılan təcrübələri və öz tövsiyələrini bölüşüblər.