Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) universitetlərlə əməkdaşlıq proqramı çərçivəsində ADA Universitetində tələbələr üçün infosessiya keçirib.
Ötən həftə keçirilmiş tədbirdə ARDNF-nin Strateji kommunikasiya şöbəsinin mütəxəssisi Jalə Rzayeva Fondun missiyası, məqsədləri və əsas fəaliyyət istiqamətləri, maliyyələşdirdiyi ümummilli layihələr barədə tələbələrə ətraflı məlumat verib.
Sessiyanın davamında İnvestisiya departamentinin meneceri Nigar Əzizova və həmin departamentin baş treyderi Fuad Təmirov Fondun investisiya fəaliyyəti, maliyyə bazarlarında müşahidə edilən cari vəziyyət və dalğalanmalar, həmçinin Ətraf mühit, Sosial və İdarəetmə (ESG) prinsiplərinin investisiya fəaliyyətində tətbiqi mövzusunda təqdimatla çıxış ediblər.
Tədbirin növbəti hissəsində İnsan resursları departamentinin baş mütəxəssisi Rəna Xalikova ARDNF-də işə qəbul prosedurları haqqında danışıb, tələbələri Yay təcrübə proqramı və “Gələcəyimizə İnvestisiya” peşəkar inkişaf proqramının üstünlükləri ilə tanış edib.
Sessiya tələbələrin suallarının cavablandırılması ilə yekunlaşıb. ARDNF əməkdaşları gənclərlə peşə fəaliyyətləri ərzində əldə etdikləri təcrübələrini və praktiki tövsiyələrini bölüşüblər.