Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən ilk dəfə keçirilən və investisiya sahəsində uğurlu karyera qurmaq istəyən tələbə qızların peşəkar və fərdi inkişafını dəstəkləyən “Gələcəyimizə İnvestisiya” proqramının açılış mərasimi baş tutub.
İki ay davam edəcək proqramın əsas məqsədi investisiya sahəsində karyera qurmaq istəyən 4-cü kursda təhsil alan qız tələbələrin peşəkar bilik və bacarıqlarını inkişaf etdirmək, onları düzgün istiqamətləndirmək və gələcək karyeralarına dəstək verməkdir. Seçim mərhələsində 45 namizəd arasından müsahibələr nəticəsində məqsəd və dəyərlərə uyğunluğu ilə fərqlənən 8 tələbə proqramda iştirak haqqı qazanıb. Proqram çərçivəsində tələbələr sahə üzrə ekspertlərlə mütəmadi görüşlər keçirəcək, real iş mühitində iştirak edəcək və mentorluq dəstəyi ilə praktiki biliklər əldə edəcəklər.
Açılış mərasimində ARDNF-nin əməkdaşları Fondun missiyası, məqsədləri və əsas fəaliyyət istiqamətləri, maliyyələşdirdiyi ümummilli layihələr barədə təqdimatla çıxış edib, eləcə də, mentorluq proqramının mahiyyəti, iştirakçıların əldə edəcəyi imkanlar və mentorlarla qarşılıqlı fəaliyyətin əhəmiyyəti barədə iştirakçıları məlumatlandırıblar.
Açılış tədbiri ARDNF-nin qadın əməkdaşlarının iştirakı ilə keçirilən "Nümunəvi liderlik: ARDNF-də qadınların ilhamverici uğur hekayələri" mövzusunda panel müzakirəsi ilə davam edib. Fondun Strateji kommunikasiya şöbəsinin müdiri Ülviyyə Mehralıyevanın moderatorluğu keçirilən paneldə çıxış edən Fondun İnvestisiya departamentinin meneceri Nigar Əzizova və Daşınmaz əmlak şöbəsinin baş təhlilçisi Günel Musayeva şəxsi təcrübələri, qarşılaşdıqları çətinliklər və onları uğura aparan amilləri bölüşərək tələbələri gələcək karyera seçimlərində daha inamlı və cəsarətli olmağa ruhlandırıblar.