2026-cı ilin birinci rübü üzrə:
![]()
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) bildirir ki, Fondun aktivləri 2026-cı ilin əvvəlinə 73 541,5 milyon ABŞ dolları (125 020,5 milyon manat), 2026-cı il mart ayının 31-nə isə, 73 515,9 milyon ABŞ dolları (124 976,9 milyon manat) təşkil etmişdir.
2026-cı ilin yanvar-mart ayları ərzində ARDNF-nin ümumi gəlirləri 3 180, 0 milyon manat təşkil etmişdir. Sözügedən dövrdə Fondun neft-qaz gəlirləri 1 803,1 milyon manat olmuşdur. Vəsaitlərin idarə edilməsi fəaliyyətindən əldə olunan toplam gəlirlər 1 376,8 milyon manat təşkil etmiş, o cümlədən qızıl qiymətinin dəyişməsindən və valyutalar üzrə məzənnə fərqindən yaranan büdcədənkənar gəlirlər 2 117,9 milyon manat olmuşdur. Eyni zamanda, investisiya portfelinin bazar dəyərinin dəyişməsi fonunda investisiya gəlirləri üzrə 741,1 milyon manat həcmində azalma qeydə alınmışdır. Büdcə xərcləri hesabat dövrü üzrə 3 223,5 milyon manat təşkil etmişdir.
Neft-qaz gəlirləri:
Qeyd edək ki, sözügedən dövr ərzində ARDNF-yə AÇG yatağından 1 400,5 milyon manat, Şahdəniz yatağından (qaz və kondensat) isə 359,6 milyon manat məbləğində vəsait daxil olmuşdur.
Büdcə xərcləri:
Maliyyə bazarlarının cari vəziyyəti və portfelə təsiri
2026-cı ilin ilk rübü ərzində qlobal maliyyə bazarları artan geosiyasi gərginliklər və davam edən qeyri-müəyyənlik fonunda bir çox aktiv sinifləri üçün çətin mühit yaratmışdır. Belə ki, rüb ərzində səhm və istiqraz bazarlarında təzyiq müşahidə olunsa da, qızıl investisiyaları əhəmiyyətli müsbət töhfə vermişdir. Həmçinin, ARDNF-nin özəl səhm, daşınmaz əmlak və infrastruktur investisiyaları da rüb ərzində müsbət gəlirlilik göstərmişdir.
Aparıcı inkişaf etmiş ölkələrin istiqraz bazarlarında gəlirlilik dərəcələri ilin ilk iki ayı ərzində azalma tendensiyası göstərmiş, lakin mart ayında Yaxın Şərq regionunda baş verən gərginlik fonunda artan enerji qiymətləri və inflyasiya gözləntilərinin güclənməsi səbəbindən yüksəlmişdir ki, bu da istiqrazların qiymətlərinə mənfi təsir etmişdir. Bu dinamika daha çox Avropa bazarlarına təsir etsə də, ABŞ dollarında emissiya edilmiş borc öhdəlikləri portfeli nisbətən dayanıqlığını qorumuşdur.
Qlobal səhm bazarları rübün ilk iki ayı ərzində müsbət nəticələr göstərmiş, sonradan isə baş verən geosiyasi gərginliklər səbəbindən geriləmişdir.
Qızıl ötən illərin qiymət artımını şərtləndirən amillərin təsiri altında 2026-cı ilə də yüksək nəticələrlə başlamışdır. Mart ayında qiymətlərdə geriləmə müşahidə olunsa da, qızıl rübü ümumilikdə müsbət nəticələrlə başa vurmuşdur ki, bununla da, ARDNF-nin qızıl altportfeli üzrə büdcədənkənar gəlirləri formalaşmışdır.