Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF) ənənəvi olaraq keçirilən “Yay Təcrübə Proqramı”nın açılış mərasimi baş tutub. Gənclərin peşəkar inkişafına dəstək göstərmək, onların potensialının üzə çıxarılmasına şərait yaratmaq və gələcəyin yüksək ixtisaslı insan kapitalının formalaşmasına töhfə vermək missiyası daşıyan proqrama 1600-dən çox müraciət daxil olub. Çoxmərhələli seçim prosesi nəticəsində 28 tələbə proqramda iştirak hüququ qazanıb.
Proqramın açılış mərasimində təcrübəçiləri salamlayan İnsan resursları departamentinin baş mütəxəssisi Sayad Ələsgərova proqramın məqsəd və vəzifələri, təcrübə müddətində nəzərdə tutulan fəaliyyətlər və gözləntilər barədə ətraflı məlumat verib.
Risklərin idarəedilməsi departamentinin direktor müavini Könül Cavadova isə tələbələrlə Fonddakı fəaliyyəti çərçivəsində qazandığı peşəkar təcrübəni iştirakçılarla bölüşüb və fərdi inkişaf prosesinə dair tövsiyələr verib. O, gənc mütəxəssislərin karyera yolunda məqsədyönlülüyün, analitik düşüncənin və davamlı öyrənməyə açıq olmağın əhəmiyyətini xüsusi vurğulayıb.
Daha sonra ARDNF-nin ötən illərin təcrübə proqramı iştirakçılarından olan və hazırda İnvestisiya departamentinin Sabit gəlirli qiymətli kağızlar və səhmlər şöbəsində baş treyder vəzifəsində çalışan Fuad İskəndərov proqramın ona qatdığı dəyərlərdən və ARDNF-də keçdiyi karyera yolundan danışaraq tövsiyələrini bölüşüb. Həmin departamentin Özəl kapital bazarları şöbəsinin təhlilçisi Günay Şamilzadə də ötən illərin təcrübə proqramının iştirakçısı kimi öz peşəkar inkişafında proqramın oynadığı roldan və əldə etdiyi təcrübələrdən danışıb.
Qeyd edək ki, səkkiz həftə davam edəcək proqram çərçivəsində iştirakçılar ARDNF-nin peşəkar komandasına qoşularaq gündəlik iş prosesində iştirak edəcək, təyin olunmuş mentorların dəstəyi ilə praktiki bilik və bacarıqlarını inkişaf etdirəcəklər.
Bundan əlavə, pilot layihə çərçivəsində ARDNF dünyanın aparıcı investisiya şirkətlərindən biri olan “Franklin Templeton” ilə əməkdaşlıq əsasında xüsusi təlim proqramının təşkili nəzərdə tutulub. İlkin mərhələdə proqram Risklərin idarəedilməsi və İnvestisiya departamentlərində təcrübə keçən iştirakçıları əhatə edir. 75 illik təcrübəyə və 1,64 trilyon ABŞ dolları aktiv portfelinə malik şirkət tərəfindən hazırlanan və canlı virtual sessiyalar və podkast formatında təqdim olunacaq proqram iştirakçıların həm şəxsi və peşəkar inkişafını, həm də investisiya sahəsində biliklərinin artırılmasını hədəfləyir; növbəti illərdə isə əhatə dairəsinin genişləndirilməsi planlaşdırılır.








