Azərbaycan Respublikası Prezidentinin 01.10.2002-ci il tarixli Fərmanına uyğun olaraq, Dövlət Neft Fondunun 2002-ci il büdcəsinə dəyişikliklər edilmişdir. Dövlət Neft Fondunun büdcə qaydalarına uyğun olaraq, Fondun İcraçı Direktorunun müvafiq vəsatəti və Müşahidə Şurasının rəyi əsasında edilmiş dəyişikliklər 2002-ci ildə Fondun büdcə gəlirlərinin 880,2 milyard manatdan 1180,2 milyard manata, xərclərinin isə 153,5 milyard manatdan 522,2 milyard manata qədər artırılmasını nəzərdə tutur. Xərclərin 368 milyard manatlıq artımının 68 milyard manatlıq hissəsi Azərbaycan Respublikası Prezidentinin 22.08.2001-ci il tarixli 562 saylı, 07.05.2001-ci il tarixli 577 saylı və 13.05.2002-ci il tarixli 700 saylı Fərmanlarına uyğun olaraq, Ermənistanın təcavüzü nəticəsində öz doğma yurdlarından didərgin salınmış qaçqınlar və məcburi köçkünlər üçün evlərin və sosial infrastruktur obyektlərinin tikintisinə yönəldiləcəkdir. Qalan 300 milyard manat vəsait Azərbaycan Respublikası Prezidentinin 30.07.2002-ci il tarixli 798 saylı Fərmanına uyğun olaraq, Azərbaycan Respublikasının öhdəliklərinin yerinə yetirilməsi məqsədi ilə Bakı-Tblisi-Ceyhan (BTC) əsas ixrac boru kəmərinin tikintisinin maliyyələşdirilməsinə yönəldiləcəkdir.
Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti BTC layihəsində iştirak etmək məqsədi ilə AzBTC Co. törəmə şirkətini yaratmış və bu şirkət 3 milyard ABŞ dolları məbləğində qiymətləndirilən ixrac boru kəməri layihəsində iştirak edən neft şirkətlərinin konsorsiumu tərəfindən yaradılmış BTC Company şirkətində 25%-lik paya malikdir. AzBTC Co. şirkəti daxil olmaqla layihə iştirakçıları layihənin dəyərinin 30%-lik hissəsini öz vəsaiti hesabına maliyyələşdirəcək, qalan 70%-lik hissənin maliyyələşdirilməsi isə beynəlxalq maliyyə institutlarından, ixrac kredit agentliklərindən və kommersiya banklarından vəsaitlərin cəlb edilməsi yolu ilə həyata keçiriləcəkdir.
Azərbaycan dövlətinin Azərbaycan BTC Co. şirkətindəki 80%-lik payının təmsilçisi kimi Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi (İİN) çıxış edəcək, Dövlət Neft Fondu isə İİN-in Azərbaycan BTC Co. və BTC layihəsi üzrə maliyyə öhdəliklərininin maliyyələşdirilməsini həyata keçirəcəkdir. İqtisadi İnkişaf Nazirliyinin Azərbaycan BTC Co. şirkətindəki payına düşən dividendlər Dövlət Neft Fonduna daxil olacaqdır.