2003-cü ilin 22 dekabr tarixində Dövlət Neft Fondunda Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə Komissiyanın birinci iclası keçirilmişdir.
İclasda ölkədə Təşəbbüslə bağlı hesabatı təqdim edəcək mineral ehtiyatların hasilatı ilə məşğul olan əsas sahələrin müəyyən edilməsi, bu sahələrdən, habelə milli və xarici şirkətlər tərəfindən dövlətə ödənilən mövcud vergi növlərinin təsnifləşdirilməsi barədə fikir mübadiləsi aparıldı, habelə, Komissiyanın üzvləri qarşısında vəzifələr dairəsi müəyyən edilməklə, hesabat forması layihəsinin Komissiyanın 2004-cü ilin yanvar ayında keçiriləcək iclasda təsdiq olunması qərara alındı.
MHŞT üzrə Komissiya Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Nazirlər Kabineti tərəfindən 13 noyabr 2003-cü il tarixli Sərəncamı ilə yaradılmışdır. Dövlət Neft Fondunun İcraçı Direktoru Komissiyaya sədrlik etməklə, Komissiyanın tərkibinə Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfiri, Xarici İşlər, İqtisadi İnkişaf, Yanacaq və Energetika, Maliyyə, Vergilər, Ekologiya və Təbii Ehtiyatlar Nazirliklərinin, Dövlət Statistika Komitəsinin, Dövlət Neft Şirkətinin nümayəndələri daxil edilmişdir.
Komissiyaya, Azərbaycan Respublikasında mineral ehtiyatların istismarı ilə əlaqədar dövlət orqanlarının daxilolmaları, dövlət şirkətlərinin və dövlət mülkiyyətində olan digər qurumların əldə etdikləri gəlirləri (xarici və milli şirkətlərin ödənişləri hesabına əldə olunan gəlirlər daxil olmaqla) barədə məlumatların toplanması, bu məlumatlar əsasında MHŞT-nin iştirakçıları tərəfindən razılaşdırılmış hesabat formatına uyğun olaraq vahid ümumölkə hesabatının tərtib edilməsi, onun mütəmadi şəkildə mətbuatda dərc edilməsi, hesabatların tərtib edilməsi prosesində Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlərlə və MHŞT-nin əlaqələndirici ofisi olan Birləşmiş Krallığın Beynəlxalq İnkişaf üzrə Nazirliyi ilə müvafiq əlaqələndirmənin həyata keçirilməsi tapşırılmışdır.