Müşahidə Şurası tərəfindən, Dövlət Neft Fondunun İcraçı Direktorunun vəsatətinə əsasən və Neft Fondunun Müşahidə Şurasının fəaliyyətdə olan Sədrinin təklifi ilə, Şuranın reqlamentinin (prosedur qaydalarının) 6.6 saylı bəndinə uyğun olaraq, Fondun fəaliyyətinə dair iclas keçirilmədən sorğu vasitəsilə bir neçə qərarlar qəbul edilmişdir.
Müşahidə Şurası Neft Fondunun 2002-ci ildə maliyyə fəaliyyəti haqqında müstəqil auditorların («Ernst ənd Yanq» şirkətinin) hesabatını da nəzərə alaraq, Neft Fondunun 2002-ci ildə fəaliyyəti haqqında illik hesabatını məqbul hesab etdi.
Müşahidə Şurası, Dövlət Neft Fondunun 2002-ci il büdcəsinin gəlirlərinin nəzərdə tutulduğundan (1 180 196,0 milyon manat) 294 303 milyon manat və ya 24,9 % artıq icra edilərək 1 474 499,0 milyon manat olduğunu, nəzərdə tutulmuş xərclərin isə (522 162,2 milyon manat) 87 990,2 milyon manat və ya 16,8 % kəsirlə icra edilərək 434 172,0 milyon manat təşkil etdiyini nəzərə alaraq, Neft Fondunun 2002-ci il büdcəsinin icrasını təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi barədə qərar qəbul etdi.
Bununla yanaşı Müşahidə Şurası Neft Fondunun «Deloyt ənd Tuş» şirkəti ilə əməkdaşlıqda hazırladığı «Dövlət Neft Fondunun uçot siyasəti və mühasibat uçotu qaydaları»nı məqbul hesab edərək, Dövlət Neft Fondunun 2004-cü ilin 01 yanvar tarixindən Beynəlxalq Mühasibat Uçotu Standartlarına uyğun yeni mühasibat uçotu sisteminə keçidini nəzərə aldı