2004-cü il noyarbın 24-də Mineral Ehtiyatların Hasilatı Sənayesində Şəffaflıq Təşəbbüsünün (MHŞT) Azərbaycan Respublikasında həyata keçirilməsilə bağlı mühüm addım atılmışdır. Dünyada ilk dəfə MHŞT-nin əməli olaraq reallaşmasına Azərbaycanda start verilərək MHŞT üzrə hökumət Komissiyası, xarici və yerli hasilat (neft və gaz) şirkətləri və qeyri hökumət təşkilatlarının Mədən Hasilatında Şəffaflığın Artırılması Koalisiyası arasında MHŞT-nin Azərbaycan Respublikasında həyata keçirilməsi məqsədilə işlənib hazırlanmış mexanizmin tətbiqinə dair Qarşılıqlı Anlaşma Memorandumu imzalanmışdır.
Azərbaycan Respublikasının 2003-cü il iyunun 17-də Londonda keçirilmiş Beynəlxalq Konfransda MHŞT-ə qoşulması ilə bağlı hökumətin üzərinə düşən öhdəliklərin həyata keçirilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişinə əsasən yaradılmış MHŞT üzrə Komissiyanın işləyib hazırladığı mexanizmin aşağıdakı mərhələlər üzrə həyata keçirilməsi nəzərdə tutulur:
Memorandumu Azərbaycanda həyata keçirilməsi prosesinə qoşulmuş 20 xarici və yerli hasilat sənayesi (neft və qaz) şirkətləri,o cümlədən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, BP Azərbaycan, Exxon, Statoil, Total, Lukoil, Unocal, Shell, Devon Enerji kimi böyük şirkətlər imzalamışlar.
Mərasimdə çıxış edən cənab Şərifov MHŞT və onun həyata keçirilməsində Azərbaycanın pilot ölkə kimi təcrübəsi və Memorandumun mahiyyəti barədə təqdimatı mərasim iştirakçılarının diqqətinə çatdırıb. O, Azərbaycanın dünya ölkələri arasında MHŞT-ni həyata keçirən ilk dövlət olduğunu qeyd edərək bu təcrübənin digər ölkələr üçün də faydalı olacağını bildirib. Böyük Britaniyanın Azərbaycandakı səfiri cənab L. Bristou öz çıxışında Memorandumun Azərbaycanda neft gəlirləri üzrə ilk hesabatların hazırlanması və dərc edilməsinə yol açdığını vurğulayaraq Azərbaycanın dünyada bu addımı atan ilk dövlətlərdən biri olduğuna inandığını geyd edib. Mədən Sənayesində Şəffaflığın Artırılması QHT Koalisiyası adından çıxış edən Cənab Sabit Bağırov Memorandumun imzalanmasının şəffaflığa doğru mühüm addım olduğunu bildirib. BP Azərbaycan şirkətinin Prezidenti cənab Devid Vudvord xarici neft şirkətləri adından etdiyi çıxışında Azərbaycan hökumətinin şəffaflığın artırılması istiqamətində mühüm işlər gördüyünü vurğulayıb. Mərasimdə ARDNŞ-in Prezidenti cənab Natiq Əliyev, Beynəlxalq Valyuta Fondunun Azərbaycan Respublikasındakı əlaqələndircisi cənab Bazil Zavoyko, Dünya Bankının Azərbaycan Respubliksaındakı əlaqələndircisi cənab Əhməd Cehani və Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycan Respubliksaındakı əlaqələndircisi cənab Raymond Konvey də çıxış etmişlər.
Memorandumun imzalanması mərasimində Azərbaycanın hasilat sənayesində fəaliyyət göstərən xarici və yerli şirkətlərin rəhbərləri, diplomatik nümayəndəliklərin və beynəlxalq təşkilatların təmsilçiləri, parlament və hökumət və QHT nümayəndələri iştirak etmişlər.