Azərbaycan Respublikası Mineral Ehtiyatların Hasilatı ilə Məşgul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbusu(MHŞT) üzrə komissiyanın sədri, Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı Direktoru Samir Şərifovun Azərbaycanda fəaliyyət göstərən və neft və gas hasilatı ilə məşgul olan şirkətlərin nümayəndələrilə 2004-cü il aprelin 30-da keçirilmiş görüşündə şirkətlərin dövlətə ödənişləri ilə baglı hesabat formaları və ödənişlərin hesablanması üçün üçüncü tərəfin müəyyənləşdirilməsi məsələsi müzakirə olunub.
Cənab Şərifov görüş iştirakçılarına 2004-cü il aprelin 20-də Londonda Britaniya və Norveçin hökumət nümayəndələri, neft şirkətlərinin, beynəlxalq maliyyə institutlarının və qeyri-hökumət təşkilatlarının nümayəndələri üçün Azərbaycanda Şəffaflıq Təşəbbüsü ilə bağlı görülən işlər barədə keçirdiyi brifinq [bax] haqqında məlumat verdi və bildirdi ki, həmin görüşdə iştirak edən qeyri-hökumət təşkilatları ödənişlərin toplanaraq hesablanması işini görəcək üçüncü tərəflə bağlı müxtəlif mövqe nümayiş etdiriblər. Komissiya sədri qeyd etdi ki, məsələ ilə bağlı mövcud olan müxtəlif fikirlər hesabatların doldurulması məsələsində səylərin koordinasiya edilməsi üçün yeni işlərin görülməsini zəruri edir. Komissiya sədri görüşə toplaşanların diqqətinə çatdırdı ki, brifinqdə iştirak edən Açıq Cəmiyyət İnstitutunun yaradıcısı Corc Soros və Transparency International təşkilatlarının nümayəndələri hökumətə ödənişlərlə bağlı hesabatlardakı rəqəmlərin toplanaraq hesablanması işinin GHT-lər və yaxud hər hansı digər bir ücüncü bir tərəf deyil, təsis edilmiş MHŞT üzrə komissiya tərəfindən aparilmasını daha məqsədəuyğun saydıqlarını deyiblər.Global Witness təşkilatının təmsilçiləri isə xarici şirkətlərin hökumətə ödənişləri barədə hesabatların ayrılıqda dərc olunmasını təklif ediblər.
Exxon Mobil şirkətinin nümayəndəsi bildirdi ki, bu şirkət ödənişlərin hesablanması işinin üçüncü tərəf vasitəsilə həyara keçirilməsinin tərəfdarıdır. S. Şərifov da şəffaflığın təmin olunması üçün QHT-lərin üçüncü tərəf rolunu oynaması barədə təklifləri dəstəklədiyini qeyd etdi.
Daha sonra qərara alındı ki, ödənişlərin ücüncü tərəf vasitəsilə hesablanması məsələsi bir daha şirkətlər tərəfindən müzakirə olunsun və bu barədə növbəti təkliflər verilsin. Göruşdə hesabat formalarındakı bəndlər və onlara dəyişikliklər edilməsi barədə təkliflər ayri-ayrilıqda müzakirə olundu və şirkətlərin nümayəndələrinin suallarına komissiya sədri tərəfindən cavab verildi. BP şirkətinin nümayəndəsi Martin Mayls Azərbaycanı MHŞT sahəsində müvəffəqiyyətlər əldə etdiyini və ölkənin şəffaflığın təmin edilməsi ücün mühüm işlər gördüyünü qeyd etdi.
Müzakirələrdə Commonwealth Oil&Gas, Conoco-Phillips, Salyan Oil, UNOCAL, Exxon Mobil, Turkish Petroleum, ITOCHU, British Petroleum, Devon Energy, Amerada Hess, Statoil şirkətlərinin və ARDNŞ-in nümayəndələri təmsil olunublar.