04 fevral 2004-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bərdə və Ağcabədi rayonları ərazisində çadır düşərgələrində və yük vaqonlarında müvəqqəti yerləşdirilmiş Ağdam və digər rayonlardan olan məcburi köçkünlərin sosial, mənzil-məişət vəziyyətinin yaxşılaşdırılması və məşğulluğunun təmin edilməsi tədbirləri haqqında Sərəncam imzalamışdır.
Sərəncamın icrasını təmin etmək məqsədi ilə Baş Nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədrinin başçılığı ilə Dövlət Komissiyası yaradılmışdır. Komissiyaya aidiyyatı nazirlik və komitələrin rəhbərləri, rayon icra hakimiyyətinin başçısı, habelə Dövlət Neft Fondunun İcraçı Direktoru daxil edilmişlər.
Dövlət Neft Fondu Sərəncamda nəzərdə tutulan tədbirlərin maliyyələşdirilməsini dövlət xəzinədarlığı vasitəsi ilə həyata keçirəcəkdir. Qaçqınların və məcburi köçkünlərin sosial-məişət vəziyyətinin yaxşılaşdırılması ilə bağlı tədbirlərin maliyyələşdirilməsi məqsədi ilə Neft Fondunun 2004-cü il büdcəsindən ümumilikdə 230 milyard manat vəsait ayrılmışdır. Bunun 30 milyard manatı Azərbaycan Respublikası Prezidentinin qaçqınların və məcburi köçkünlərin sosial problemlərinin həllinə dair 2001-ci il 22 avqust tarixli 562 nömrəli, 2001-ci il 07 sentyabr tarixli 577 nömrəli və 2002-ci il 13 may tarixli 700 nömrəli Fərmanların icrası ilə bağlı işlərin yekunlaşdırılmasına, 200 milyard manat isə Sərəncamda nəzərdə tutulan tədbirlərin maliyyələşdirilməsinə yönəldiləcəkdir.