2004-cü il 16 fevral tarixində Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirilmişdir. Azərbaycan Respublikasının Baş Naziri, Dövlət Neft Fondunun Müşahidə Şurasının Sədri cənab Artur Rasizadənin sədrliyi ilə keçirilən Müşahidə Şurasının iclasında Fondun 2004-cü il üçün büdcə layihəsinə baxıldı.
Büdcə Sistemi haqqında Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Fondun bütün gəlirləri və xərcləri (əməliyyat xərcləri və vəsaitlərin idarə edilməsi ilə bağlı xərclər istisna olmaqla) ölkənin icmal büdcəsinə daxil edilir. Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən 2004-cü il üçün dövlət icmal büdcəsi çərçivəsində Neft Fondunun 928 720,4 milyon manat məbləğində gəlirlərin və 889 000,0 milyon manat məbləğində xərclərin təsdiq olunduğunu nəzərə alaraq, Müşahidə Şurası icmal büdcəsinə daxil edilməmiş Fondun İcraçı Direktorunun təqdim etdiyi Fondun idarə edilməsi ilə bağlı xərclər layihəsini nəzərdən keçirdi. Təqdim olunmuş layihəyə əsasən Neft Fondunun əməliyyat xərcləri 5 119,3 milyon manat, Fondun vəsaitlərinin xarici menecerlər tərəfindən idarə edilməsi ilə bağlı xərclər 9 576,9 milyon manat məbləğində proqnozlaşdırılır.
Müşahidə Şurasında Fondun vəsaitlərinin xarici menecerlər tərəfindən idarə edilməsi ilə bağlı xərclərin Neft Fondunun büdcəsində əks olunub-olunmaması məsələsinə baxılmışdır. Bununla bağlı iki variant təklif edilmişdir. Birinci variantda Fondun vəsaitlərinin xarici menecerlər tərəfindən idarə edilməsi üzrə xidmət haqlarının büdcədə əks olunmaması və qarşılıqlı hesablaşma qaydasında bilavasitə idarəetməyə verilmiş portfeldən tutulması təklif edilmişdir. Xidmət haqları ilə bağlı məlumatlar hər hesabat dövrünün yekunlarına görə acıqlanmalıdır. İkinci variant isə qeyd edilən xidmət haqların büdcədə əks olunmasını nəzərdə tuturdu. Geniş müzakirədən sonra Müşahidə Şurası ikinci varianta üstünlük verərək, göstərilən xidmət haqları ilə bağlı xərclərin Fondun büdcəsində əks olunmasını məqsədəuyğun saydı. Beləliklə, Neft Fondunun 2004-cü il üçün büdcəsinin gəlirləri 928 720,4 milyon manat, xərcləri isə 903 696,2 milyon manat nəzərdə tutulur.
2004-cü ildə Dövlət Neft Fondunun vəsaitlərinin istifadə edilməsinin əsas istiqamətlərini qaçqınların və məcburi köçkünlərin sosial-məişət problemlərinin həlli ilə bağlı tədbirlərin (230 000,0 milyon manat), Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəməri Layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi ( 9 000,0 milyon manat) və dövlət büdcəsinə transfert (650 000,0 milyon manat) təşkil edəcəkdir.
Müşahidə Şurası yekunda Fondun 2004-cü il üçün büdcə layihəsini, o cümlədən Neft Fondunun vəsaitinin istifadə edilməsinin əsas istiqamətlərini (investisiya siyasəti daxil olmaqla) və Neft Fondunun idarə edilməsi ilə bağlı illik xərclər smetasının layihələrini məqbul hesab etdi və onların təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim olunmasını tövsiyə etdi.
Baş Nazir, cənab A.Rasizadə yenidən Dövlət Neft Fondunun Müşahidə Şurasının sədri seçildi.