oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

ABŞ Ticarət və İnkişaf Agentliyi Azərbaycan Respublikası Dövlət Neft Fonduna qrant ayırmışdır

19 May 2004 11:00:00

ABŞ Ticarət və İnkişaf Agentliyi Azərbaycan Respublikası Dövlət Neft Fonduna qrant ayırmışdır

19 May 2004 11:00:00

2004-cü il mayın 19-da Azərbaycan Respublikası Dövlət Neft Fondunda ABŞ Ticarət və İnkişaf Agentliyi (TİA)və ARDNF arasında Fondun institusional quruculuğunun təkmilləşdirilməsi məqsədi üçün 1 milyon 91 min dollar məbləğində texniki yardim(grant) ayrılması haqqinda saziş imzalanmışdır.

Qrant sazişinə əsasən texniki yardım Fondun valyuta vəsaitlərinin yerləşdirilməsi işinin təkmilləşdirilməsini, bununla bağlı müvafiq risklərin qiymətləndirilməsini, xarici menecerlərin seçilməsi meyarlarının müəyyən edilməsini və onların iş göstəricilərinin monitorinqini və dəyərləndirilməsini, aktivlərin qeydiyyatı və uçotu üzrə ixtisaslaşdırılmış proqram təminatının alınması üçün tələblərin müəyyənləşdirilməsini nəzərdə tutur. Texniki yardım həm də Fondun struktur bölmələri arasında beynəlxalq standartlara uyğun vəzifə bölgüsünə və qarşılıqlı hesabatlığa dair təkliflərin təqdim edilməsi, habelə Fondun əməkdaşlarının peşəkarlıq səviyyəsinin artırılması istiqamətlərini əhatə edəcək.

Texniki yardımın göstərilməsi istiqamətləri Neft Fondu tərəfindən TİA-nə 2003-cü ildə təqdim edilmişdir və 2004-cü ilin əvvəlində Fond və TİA arasında tam razılaşdırılmışdır.

Texniki yardımı göstərəcək ixtisaslaşmış məsləhətçi şirkətin (TİA-ın irəli sürdüyü şərtlərə əsasən bu ABŞ şirkəti olmalıdır) seçilməsi məqsədilə TİA tender elan edəcək.

Qrant sazişini ABŞ tərəfindən bu ölkənin Azərbaycandakı səfiri Reno Harnış, ARDNF tərəfdən isə Fondun icraçı direktoru Samir Şərifov imzalamışlar.

İmzalanma mərasimində Azərbaycanın ABŞ-dakı səfiri Hafiz Paşayev və TİA-nin Qafqaz üzrə meneceri Reyçel Turner iştirak etmişlər.

Qrant sazişinin imzalanması mərasimində ARDNF-a göstəriləcək texniki yardıma görə ABŞ hökumətinə təşəkkürünü bildirən S.Şərifov qeyd etmişdir ki, Azərbaycanın bugünki və gələcək nəsillərinin rifahı naminə yaradılmış strateji Fondun ehtiyatlarının səmərəli idarə edilməsinə dair texniki yardımın məhz ABŞ-dan alınması ABŞ-la Azərbaycan arasında mövcud olan strateji əməkdaşlığın daha bir göstəricisidir.

Xəbərlərə abunə ol