Azərbaycan Respublikası Dövlət Neft Fondu bildirir ki, 2003-cü il ərzində Neft Fondunun gəlirləri 1819,9 milyard manat, xərcləri 1 180, 1 milyard manat təşkil etmişdir [bax əlavə cədvəl]
Ötən il ərzində Dövlət Neft Fondunun neft sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 1636,7 milyard manat, o cümlədən mənfəət neftinin satışından 869,0 milyard manat, akrhesabı ödənişlərdən 94,6 milyard manat, neftin Bakı-Supsa ixrac boru kəməri vasitəsi ilə Azərbaycan Respublikasının ərazisi ilə ötürülməsi üçün tranzit haqqından 63,6 milyard manat, bonus ödənişlərindən 608,9 milyard manat, dövlət əmlakının icarəyə verilməsindən 0,6 milyard manat təşkil etmişdir. Bonus ödənişlərindən daxil olan gəlirlərin 320,7 milyard manatını Azərbaycan Respublikasının Milli Bankında saxlanılan Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru kəməri layihəsinin maliyyələşdirilməsi çərçivəsində ödənilmiş vəsait, 49,1 milyard manatını Ekson-Mobil şirkətinin(ABŞ) (Zəfər-Məşəl yatağlarında qazma işlərinin başlanılması ilə əlaqədar), 239,1 milyard manatını isə Lukoyl (Rusiya) şirkətinin (D-222 Bloku üzrə kontrakt ərazisinin artırılmasına görə) bonus ödənişləri təşkil edir. 2003-cü il ərzində Neft Fondunun vəsaitinin idarə olunmasından 183,2 milyard manat gəlir əldə edilmişdir.
Vəsaitlərin istifadə edilməsinin əsas istiqamətləri çərçivəsində Neft Fondunun 2003-cü il büdcəsinə əsasən Azərbaycan Respublikası Prezidentinin 22 avqust 2001-ci il tarixli 562 N-li, 07 sentyabr 2001-ci il tarixli 577 N--li və 13 may 2002-ci il tarixli 700 N--li Fərmanlarına uyğun olaraq, habelə Ermənistan Respublikasının etnik təmizləmə və təcavüz siyasəti nəticəsində öz doğma yurdlarından didərgin düşmüş qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin maliyyələşdirilməsi məqsədi ilə Neft Fondundan 99,8 milyard manat ödənilmiş, 576,0 milyard manat Bakı-Tbilisi-Ceyhan əsas ixrac Boru kəməri layihəsinin maliyyəşdirilməsinə yönəldilmiş, 500,0 milyard manat dövlət büdcəsinə transfer edilmişdir. Ötən il ərzində Neft Fondunun idarə edilməsi ilə bağlı xərcləri 4,3 milyard manat olmuşdur. Mənfəətdən vergi kimi dövlət büdcəsinə köçürülmüş vəsaitin həcmi isə 12,0 milyard manat təşkil etmişdir.
2003-cü ildə Fondun vəsaitlərinin idarə edilməsi üzrə gəlirlilik - hesabat valyutası üzrə (Azərbaycan manatı) 5,08%, baza valyutası üzrə (ABŞ dolları)isə 4,45% təşkil etmişdir.
2003-cü il yanvarın 01-nə 3 trilyon 387,3 milyard manat (təqribən 692 milyon ABŞ dolları) təşkil etmiş Neft Fondunun vəsaiti 2004-cü ilin yanvar ayının 01-nə 4 trilyon 15,0 milyard manata (təqribən 815 milyon ABŞ dolları) bərabər olmuşdur.