oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

ARDNF-nin Müşahidə Şurasının növbəti iclası keçirilmişdir

19 Nov 2005 11:00:00

ARDNF-nin Müşahidə Şurasının növbəti iclası keçirilmişdir

19 Nov 2005 11:00:00
2005-ci il noyabrın 19-da Azərbaycan Respublikasının Baş Naziri, Azərbaycan Respublikası Dövlət Neft Fondunun Müşahidə Şurasının Sədri çənab Artur Rasizadənin sədrliyi ilə Müşahidə Şurasının növbəti iclası kecirilmişdir. İclasda Fondun 2005-ci il üçün büdcəsində dəyişikliklərin edilməsi, onun 2006-cı il üçün büdcə layihəsi və vəsaitlərinin idarə olunması siyasətinin təkmilləşdirilməsi ilə bağlı məsələlər müzakirə olunmuşdur.

Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəməri Layihəsinin tikintisi ilə bağlı xərclərin cari ildə artması ilə əlaqədar və Azərbaycan Respublikası hökumətinin bu layihədə iştirak payının maliyyələşdirilməsinin Neft Fondunun vəsaiti hesabına həyata keçirildiyi nəzərə alınaraq, Dövlət Neft Fondunun 2005-ci il üzrə büdcə xərclərinin daha 100 milyard manat artırılması ilə bağlı Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən icmal dövlət büdcəsinə müvafiq dəyişikliklərin edilməsi və bu dəyişikliklərin "Azərbaycan Respublikasının 2005-ci il dövlət büdcəsi haqqında" Qanuna dəyişikliklər və əlavələr edilməsi barədə" 21 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunması Müşahidə Şurası tərəfindən müzakirə edilmişdir. Şura Dövlət Neft Fondunun 2005-ci il üzrə büdcə xərclərinin 105 milyard manatdan 205 milyard manata qədər artırılmasını məqsədəuyğun hesab etmiş və Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2005-ci il üçün büdcəsində dəyişikliklərin edilməsi barədə Fərman layihəsinin təsdiq edilmək üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim olunmasını tövsiyə etmişdir.

Müşahidə Şurasının iclasında Neft Fondunun "Büdcə sistemi haqqında" Azərbaycan Respublikası Qanuna əsasən icmal dövlət büdcəsinə daxil edilmiş gəlir və xərclərinin Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edildiyi, habelə Fondun idarə edilməsi ilə bağlı icmal büdcəyə daxil edilməyən xərclərə dair Dövlət Neft Fondunun Icraçı Direktoru tərəfindən təqdim edilmiş məlumatlar nəzərə alınaraq, Dövlət Neft Fondunun 2006-cı il büdcəsinin gəlirlərinin 807842,6 min yeni Azərbaycan manatı(AYM), xərclərinin 954287,7 AYM, o cümlədən Fondun idarə edilməsi ilə bağlı xərclərin 3976,7 min AYM məbləğində müəyyən edilməsi məqsədəuyğun sayılmışdır. Dövlət Neft Fondunun 2006-cı il büdcə layihəsi, o cümlədən Neft Fondunun vəsaitinin istifadə edilməsinin əsas istiqamətləri (investisiya siyasəti daxil olmaqla) və Neft Fondunun idarə edilməsi ilə bağlı illik xərclər smetasının layihələri məqbul sayılmış və təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim olunması tövsiyə edilmişdir.

İclasda Dövlət Neft Fondunun İcraçı Direktorunun Fondun investisiya siyasətinin təkmilləşdirilməsinə dair təklifləri dinlənilmiş və təkliflərin daha geniş formatda təqdimatının keçirilməsi məqsəduyğun hesab edilmişdir. Müşahidə Şursaının iclasında həmçinin Neft Fondunun fəaliyyətinə dair digər məsələlər də müzakirə olunmuşdur.

Baş Nazir cənab A.Rasizadə yenidən Dövlət Neft Fondunun Müşahidə Şurasının sədri secilmişdir.

Xəbərlərə abunə ol