2005-ci il oktyabrın 20-də Vaşinqtonda yerləşən Amerika-Azərbaycan Ticarət Palatasında Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru cənab Samir Şərifovun Palatanın üzvləri ilə görüşü keçirilmişdir. Nahar çərçivəsində müzakirələr zamanı cənab Şərifov Neft Fondunun gəlirləri, strateji planlaşdırma, vəsaitlərin idarə edilməsi və xərclər planları barədə danışıb.
O, bəyan edib ki, 2006-2024-cü illər ərzində neftin bir barelinin qiymətinin 30-45 (ABŞ) dollara bərabər olacağı təqdirdə Azərbaycanın neftin satışından 73 milyard dollardan 143 milyard dollaradək gəlir əldə edəcəyi gözlənilir. “Bu baxımdan Azərbaycan hökumətinin bu gəlirlərin toplanması və idarə olunması məqsədilə ARDNF-i yaratması strateji əhəmiyyətli bir qərardır”.
Cənab Şərifov Neft Fondunun gəlirlərinin həm indiki, həm də gələcək nəsillər arasında ədalətli şəkildə bölünəcəyini bəyan edib.
Cənab Şərifov xatırladıb ki, ölkənin fiziki və social infrastrukturunun inkişafa böyük ehtiyacı olduğunu nəzərə alaraq, Azərbaycan hökuməti “Neft və qaz gəlirlərinin idarə olunması üzrə uzunmüddətli strategiyanın təsdiq edilməsi” barədə ölkə Prezidentinin Fərmanına uyğun şəkildə neft gəlirlərinin bəzi hissəsindən investisiya layihələrinin həyata keçirilməsi üçün istifadə edəcək. “Növbəti bir neçə il ərzində Neft Fondu magistral yolların, məktəb və xəstəxanaların tikintisinə və bərpasına, elektrik enerjisi avadanlıqlarının alınmasına sərmayə qoyacaq” – cənab Şərifov vurğulayıb.
Cənab Şərifov Neft Fondunun ölkənin inkişafı üçün mühüm əhəmiyyət kəsb edən layihələrə vəsait ayıracağını qeyd edib. “Biz gənc azərbaycanlıların ABŞ və Avropada təhsili üçün təqaüd ayırmaq məqsədilə təhsil fondu yaratmağı nəzərdə tuturuq. Ölkəmizdə müxtəlif sahələrdə yüksək keyfiyyətli kadrlara ehtiyac vardır. Azərbaycanın insan resurlarına investisiya qoymaqla biz bazar iqtisadiyyatı sahəsində güclü ekspertlər qazana bilərik”.
Cənab Şərifov onu da qeyd edib ki, ARDNF-in xərclər portfelinə qaçqın və məcburi köçkünlərin social-iqtisadi şəraitinin yaxşılaşdırılması layihəsi də daxildir. O bildirib ki, Ermənistanın təcüvüzü nəticəsində didərgin düşmüş qaçqın və məcburi köçkünlərin məskunlaşdırılması proqramı çərçivəsində Neft Fondundan 109 milyon dollar həcmində vəsait yeni evlərin və infrastruktur layihələrinin həyata keçirilməsi məqsədilə ayrılıb.
Cənab Şərifov Fondun “Sabitləşdirmə və Fövqəladə Hallar” portfeli barədə danışarkən qeyd edib ki, bu portfel çərçivəsində xərclərin qəzalar və yaxud ölkənin maliyyə vəziyyətində gözlənilməz halların aradan qaldırılmasına yönəldilməsi nəzərdə tutulur. O, deyib ki, “İnvestisiya portfeli” adlanan digər xərclər portfeli isə neft gəlirlərinin gələcək nəsillər üçün saxlanmasına və ARDNF üçün gəlir mənbəyi rolunu oynamasına xidmət edəcək.
Xatırladırıq ki, Mineral Ehtiyatlarının Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə hökumət Komissiyasının sədri olan cənab Şərifov Vaşinqtonda işğüzar səfərdədir. 2005-ci il oktyabrın 21-də o, MHŞT üzrə Beynəlxalq Məsləhətçi Qrupun ikinci iclasında iştirak edib.
Şəffaflıq Təşəbbüsü 2002-ci ilin sentyabrında Böyük Britaniyanın baş naziri Toni Bleyer tərəfindən dayanıqlı inkişaf üzrə dünya sammitində élan edilib. Azərbaycan Təşəbbüsə 2003-cü ilin iyun ayında qoşulub. Təşəbbüsün məqsədi hasilat sənayesində fəaliyyət göstərən şirkətlərin hökumətə ödənişlərinin və hökumətin mədən sənayesindən əldə etdiyi gəlirlərin şəffaflığının təmin olunmasıdır.