Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru Samir Şərifov 2005-ci il oktyabrın 21-də Vaşinqtondakı nüfuzlu Brukinqs İnstitutunda “Neft gəlirlərinin səmərəli idarə edilməsində Dövlət Neft Fondunun rolu” mövzusunda çıxış etmişdir.
AzərTAc-ın xüsusi müxbirinin Vaşinqtondan verdiyi xəbərdə deyilir ki, cənab Şərifov öz çıxışında Azərbaycanın qısa müddət ərzində çox zəngin dövlət olacağını bildirmişdir.
O, Fondun tarixi, strukturu və əməliyyatlarına dair ətraflı məlumat verərək vurğulamışdır ki, ümummilli lider Heydər Əliyevin Fərmanına əsasən 2000-ci ildə yaradılan Neft Fondunun məqsədi neft gəlirlərini toplamaq, hazırkı və gələcək nəsillərin rifahına xərcləməkdir. Fəaliyyətə başladığı vaxt, 2001-ci ilin yanvar ayında, Fondun vəsaiti cəmi 271 milyon ABŞ dolları idisə, indi bu rəqəm 1,25 milyard ABŞ dollarına bərabərdir.
Fondun icraçı direktoru bildirmişdir ki, Azərbaycanda neft hasilatının ən yüksək dövrü 2006-2014-cü illərdə gözlənilir. Enerji ehtiyatları nə vaxtsa tükənəcəkdir. Ona görə də, Azərbaycan hakimiyyətinin qarşısında duran əsas məsələ ölkə iqtisadiyyatının neft amilindən asılılığını azaltmaqdır.
Samir Şərifov Fonda toplanacaq vəsaiti proqnozlaşdıraraq demişdir ki, yalnız “Azəri-Çıraq-Günəşli”dən əldə olunan neftin satışı nəticəsində 2024-cü ilədək Dövlət Neft Fonduna daxil olan gəlir, neftin 1 barrelinin qiyməti 30 ABŞ dolları olduğu təqdirdə 63,4 milyard, 40 ABŞ dolları olarsa, 109,3 milyard, 45 ABŞ dolları olduğu təqdirdə isə 131,2 milyard dollar olacaqdır. Fondun mədaxil mənbələrinə yığılan tranzit haqqı, dövlətin Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərində iştirakından gəliri, Fondun vəsaitlərinin xarici hesablarda saxlanmasından alınan faizlər də daxildir. “Bizi ölkədə Fondun gəlirlərini xərcləməkdə tənqid edirlər”, - deyən Samir Şərifov xatırlatmışdır ki, Dövlət Neft Fondunun mədaxilinin üçdə bir hissəsi - 650 milyon dolları xərclənmişdir. Bu rəqəmə qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılmasına sərf edilən 109 milyon dollar, Azərbaycanın Bakı-Tbilisi-Ceyhan kəmərində payını maliyyələşdirən 194 milyon dollar, dövlət büdcəsinə 330 milyon dollar məbləğində köçürmələr, Fondun dövlətə ödədiyi 14 milyon dollar vergi və təşkilatın fəaliyyəti ilə bağlı xərclər (3 milyon dollar) daxildir.
Samir Şərifov vurğulamışdır ki, Fondun hər bir məxaric əməliyyatı parlament tərəfindən təsdiqlənir. Neft gəlirləri yalnız strateji əhəmiyyət daşıyan infrastruktur layihələrinə və milli miqyasda mövcud böhran məsələlərinin həllinə sərf edilir. Şəffaflığı təmin etmək üçün Fondun fəaliyyəti hər il tanınmış beynəlxalq audit şirkəti tərəfindən yoxlanılır.
Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü üzrə Beynəlxalq Məsləhətçi Qrupun Dünya Bankında keçirilən 2-ci yığıncağında iştirak etmək üçün Vaşinqtonda işgüzar səfərdə olan Samir Şərifov Konqresdə, ABŞ-Azərbaycan Ticarət Palatasında görüşlər keçirmiş, Dövlət Neft Fondunun fəaliyyəti və Azərbaycanda həyata keçirilən islahatlara dair məlumat vermişdir.