Azərbaycan Respublikası Dövlət Neft Fondunun Mətbuat Xidmətinin Məlumatı
04 Oct 2005 11:00:00
Azərbaycan Respublikası Dövlət Neft Fondunun Mətbuat Xidmətinin Məlumatı
04 Oct 2005 11:00:00
Mineral Ehtiyatlarının Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə ilk hesabatların açıqlanmasından (15 mart, 2005-ci il) sonra qeyri-hökumət təşkilatlarının Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası tərəfindən 31 mart 2005-ci il tarixində verilmiş qeyri-dəqiq məlumat ətrafında müzakirələr son günlər ölkə mətbuatında yenidən gündəmə gəlib.
Xatırladırıq ki, o zaman QHT Koalisiyası “Deloyt ənd Tuş” şirkətinin MHŞT üzrə hesabatına dair belə bir bəyanat vermişdi: “Auditor şirkətinin rəyləri yalnız Hasilatın Pay Bölgüsü sazişləri üzrə işləyən şirkətlərin fəaliyyətini əhatə edir. Beləliklə Azərbaycanın neft-qaz ehtiyatlarının istismarından 2003-cü və 2004-cü (yarım ili) illərdə ölkəmizin əldə etdiyi gəlirlərin yalnız bir hissəsi haqqında məlumat açıqlanır (yəni ARDNŞ-nin fəaliyyəti əks etdirilmir)”.
MHŞT üzrə Komissiyanın sədri, ARDNF-in İcraçı Direktoru cənab Samir Şərifov Koalisiyanın verdiyi bu bəyanatla bağlı 2005-ci il aprelin 4-də bildirmişdi ki, Koalisiyanın “Deloyt ənd Tuş” şirkətinin Rəyləri ilə bağlı açıqlaması həqiqəti əks etdirmir. “Belə ki, MHŞT üzrə Komissiya, QHT Koalisiyası və eləcə də yerli və xarici şirkətlər arasında imzalanmış Memoranduma əsasən hesabatlar MHŞT üzrə Komissiya və həmin Memoranduma imza atmış neft və qaz hasilatı ilə məşğul olan 21 xarici və yerli şirkət tərəfindən “Deloyt ənd Tuş” audit şirkətinə təqdim olunmuşdur. Bu şirkətlər arasında təkcə Hasilatın Pay Bölgüsü Sazişləri çərçivəsində fəaliyyət göstərən şirkətlər deyil, həm də Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Azgerneft, Şirvan Oil və Anşad Petrol Birgə müəssisələri də var”.
6 aprel 2005-ci il tarixində isə MHŞT üzrə Memorandum tərəflərinin iclası keçirilmiş və həmin iclasda Komissiya sədri tərəfindən QHT Koalisiyası nümayəndələrinin suallarına cavab verilərək sübut olunmuşdur ki, QHT Koalisiyasının bəyanatında səslənmiş auditor şirkətinin rəylərinin yalnız Hasilatın Pay Bölgüsü sazişləri üzrə işləyən şirkətlərin fəaliyyətini əhatə etməsi və ARDNŞ-in fəaliyyətnin əks etdirilməməsi barədə fikirlər tamamilə yanlışdır.
Bundan sonra QHT Koalisiya Şurası 8 aprel 2005-ci il tarixində iclas keçirərək aprelin 6-da keçirilmiş görüşü müzakirə etmiş və iclasda səslənmiş fikirləri həm öz veb səhifəsində (www.eiti-az.org) yerləşdirdiyi məlumatda, həm də Komissiyanın sədrinə ünvanlamış məktubda qeyd etmişdir. 12 aprel 2005-ci il tarixli məktubda deyilir: “Müzakirə zamanı Koalisiya Şurasının 31 mart 2005-ci il tarixli mətbuat üçün açıqlamasında qaldırılan suallara da aydınlıq gətirildi. Məlum oldu ki, Şuranın mətbuat üçün açıqlamasındakı ARDNŞ-in müstəqil fəaliyyəti barədə hesabat verməməsi barədə təxmini düzgün olmayıb (bu təxminin əsasında şirkətlərin fərdi şəkildə hesabatlarını açıqlamaması və birinci hesabat prosesində özünü açıq birüzə vermiş hesabat formalarının müəyyən nöqsanlara malik olmasıdır), YƏNI ARDNŞ DƏ MÜVAFIQ HESABATI TƏQDIM ETMIŞDIR.”
QHT Koalisiyası tərəfindən belə bir etiraf bəyanatının verilməsindən 6 ay keçməsinə baxmayaraq yerli mətbuatda və bəzi beynəlxalq təşkilatların yüksək rütbəli rəsmiləri tərəfindən verilən bəyanatlarda hələ də yanlış fikirlər səsləndirilməkdədir.
MHŞT üzrə Komissiya bir daha bildirmişdir ki, ARDNŞ neft və qazın hasilatı üzrə ödənişləri barədə məlumatı Memorandum çərçivəsində audit şirkətinə təqdim etmişdir və həmin hesabatları təqdim etməkdə davam edir. Komissiya bu barədə həqiqətdən uzaq olan məlumatları yayan mətbuat orqanlarına dəqiq olmağı və düzgün informasiyaya əsaslanmağı tövsiyə etmişdir.