oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

Azərbaycan hökuməti Şəffaflıq Təşəbbüsü üzrə təcrübəsini Qazaxıstanla bölüşmüşdür

15 Aug 2005 11:00:00

Azərbaycan hökuməti Şəffaflıq Təşəbbüsü üzrə təcrübəsini Qazaxıstanla bölüşmüşdür

15 Aug 2005 11:00:00
Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı Direktoru, MHŞT üzrə Komissiyanın sədri cənab Samir Şərifov Qazaxıstan hökumətinin dəvəti ilə 2005-ci il avqustun 11-də Qazaxıstanda səfərdə olmuşdur. Səfər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xüsusi göstərişinə əsasən həyata keçirilib və Mineral Ehtiyatlarının Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün (MHŞT) tətbiqində Qazaxıstan hökumətinə yardım göstərilməsi məqsədi daşıyıb.

Cənab Şərifov Qazaxıstanın Energetika və Mineral Ehtiyatlar Naziri cənab Şkolnik, maliyyə naziri cənab Dunayev ilə görüşlər keçirmiş, Azərbaycanın MHŞT-nin tətbiqi sahəsində əldə etdiyi təcrübə barədə məlumat vermişdir. O, MHŞT-ə qoşulmuş digər ölkələrdən fərqli olaraq Azərbaycan hökumətinin və Azərbaycanın hasilat (neft və qaz) sənayesində fəaliyyət göstərən yerli və xarici şirkətlərin artıq ikinci dəfə Şəffaflıq Təşəbbüsü üzrə hesabatlarını açıqladığını Qazaxıstan rəsmilərinin diqqətinə çatdırmışdır. Cənab Şərifov Azərbaycanda MHŞT üzrə hökumət Komissiyasının qeyri hökumət təşkilatları və xarici və yerli hasilat şirkətləri ilə birgə hazırladığı MHŞT-nin həyata keçirilməsi mexanizminin Qazaxıstanda da tətbiq olunmasına köməklik gəstərməyə hazır olduğunu bildirmişdir. O, eyni zamanda neftdən əldə edilən gəlirlərin səmərəli və şəffaf idarə olunması məsələsinə Azərbaycan Prezidenti tərəfindən xüsusi diqqət yetirildiyini vurğulamışdır.

Cənab Şərifov Astanada Qazaxıstanın Energetika və Mineral Ehtiyatlar Nazirliyinin və yerli KİV-lərin nümayəndələri üçün Azərbaycanın Şəffaflıq Təşəbbüsü üzrə təcrübəsini əks etdirən xüsusi təqdimat keçirmiş və jurnalistlərin məsələ ilə bağlı suallarını cavablandırmışdır.

Cənab Şkolnik Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin 2005-ci il iyunun 15-də ölkəsinin MHŞT-ə qoşulduğunu bəyan etməsindən sonra Qazaxıstanda Təşəbbüs üzrə hökumət Komissiyasının yaradılması barədə məlumat vermiş və Qazaxıstan hökumətinin MHŞT-nin tətbiqi üzrə Azərbaycan modelindən istiadə etməyi qərara aldığını bildirmişdir. O, Qazaxıstan hökumətinin müraciətini nəzərə alaraq MHŞT-nin tətbiqi ilə bağlı göstərdiyi köməyə görə Azərbaycan hökumətinə öz minnətdarlığını bildirmişdir.

Xəbərlərə abunə ol