2005-ci il iyulun 19-da Yaponiyanın İnpeks şirkəti Mineral Ehtiyatlarının Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün (MHŞT) Azərbaycanda tətbiqinə dair Qarşılıqlı Anlaşma Memorandumuna qoşulması barədə aktı imzalamışdır. “Qoşulma Aktı” adlanan sənəddə qeyd olunur ki, “INPEX Southwest Caspian Sea, Ltd.” (Inpeks) şirkəti Azərbaycan Respublikasının hasilat sənayesində fəaliyyət göstərdiyi üçün MHŞT üzrə hökumət Komissiyası tərəfindən Memoranduma qoşulmaq barədə dəvət almışdır. Sənəddə bildirilir ki, Azərbaycanda fəaliyyət göstərən digər hasilat şirkətləri kimi MHŞT-ni tətbiq etmək və Memorandumun bütün digər tərəfləri ilə əməkdaşlıq etmək niyyətilə İnpeks “Qoşulma Aktını” imzalayaraq Memoranduma qoşulur.
Beləliklə, MHŞT-nin Azərbaycanda tətbiqinə dair Memorandumu imzalamış şirkətlərin sayı 22-ə çatıb. Memorandum 2004-cü il noyabrın 24-də MHŞT-nin Azərbaycanda həyata keçirilməsi prosesinə qoşulmuş 21 xarici və yerli hasilat sənayesi (neft və qaz) şirkətləri,o cümlədən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, BP Azərbaycan, Exxon, Statoil, Total, Lukoil, Unocal, Shell, Devon Enerji kimi böyük şirkətlər tərəfindən imzalanıb.
Azərbaycan Respublikasında fiziki təmsilçiliyi olmadığına görə İnpeks Memoranduma qoşulmamış və Təşəbbüsün həyata keçirilməsi ilə bağlı 2003-cü və 2004-cü il üzrə hesabat mərhələlərində iştirak edə bilməmişdi. “Qoşulma Aktı”nı imzalamaqla İnpeks Memoranduma qoşulmuş digər şirkətlər kimi növbəti hesabat dövrü (2005-ci il) üzrə Azərbaycan Respublikası hökumətinə ödənişləri barədə hesabat verəcək.