Azərbaycan Respublikası Dövlət Neft Fondu bildirir ki, 2005-cü ilin yanvar-iyun ayları ərzində Neft Fondunun gəlirləri 1023 milyard manat, büdcə xərcləri isə 395,0 milyard manat təşkil etmişdir.
Ötən altı ay ərzində Dövlət Neft Fondunun neft sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 968,3 milyard manat, o cümlədən mənfəət neftinin satışından 915,2 milyard manat, neftin Bakı-Supsa ixrac boru kəməri vasitəsi ilə Azərbaycan Respublikasının ərazisi ilə ötürülməsi üçün tranzit haqqından 42,5 milyard manat, akrhesabı ödənişlərdən 6,2 milyard manat, xarici sərmayəçilər tərəfindən təhvil verilmiş aktivlərdən isə 4,4 milyard manat təşkil etmişdir. Altı ay ərzində Neft Fondunun vəsaitlərinin idarə olunmasından 54,7 milyard manat gəlir əldə edilmişdir.
2005-ci ilin ilk altı ayı ərzində Neft Fondunun 2005-ci il büdcəsinin icrası, habelə vəsaitlərinin istifadə edilməsinin əsas istiqamətləri çərçivəsində 97,0 milyard manat qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə, 45,4 milyard manat Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac Boru kəməri layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyəşdirilməsinə yönəldilmiş, 250,0 milyard manat isə dövlət büdcəsinə transfer edilmişdir. Ötən dövr ərzində Neft Fondunun idarə edilməsi ilə bağlı xərcləri 2,6 milyard manat olmuşdur.
Ötən altı ay ərzində Neft Fondunun büdcədənkənar xərcləri və ödənişləri 256,9 milyard manat, o cümlədən Fondun valyuta aktivlərinin yenidən qiymətləndirilməsi ilə bağlı xərcləri 239,5 milyard manat təşkil etmişdir. Bu müddət ərzində dövlət büdcəsinə köçürülmüş mənfəət vergisinin miqdarı 17,3 milyard manata, digər vergilər isə 0,1 milyard manata bərabər olmuşdur.
2005-ci il iyun ayının 30-a Fondun aktivləri 5097,3 milyard manata (təqribən 1083 milyon ABŞ dolları) bərabər olmuşdur.