Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı Direktoru Samir Şərifov başda olmaqla Fondun nümayəndə heyəti 2005-ci il iyulun 10-da ABŞ-ın Alyaska ştatının Cuno şəhərinə səfər etmişdir. Overture Financial Services LLC şirkətinin Neft Fonduna göstərdiyi texniki xidmət çərçivəsində həyata keçirilən səfərin məqsədi Alyaska Fondu və onun müxtəlif strukturlarının iş təcrübəsi ilə tanışlıqdır.
2005-ci il iyulun 10-da Alyaska Fondunda keçirilmiş görüş zamanı ARDNF-in İcraçı Direktoru Samir Şərifov və Alyaska Fondunun İcraçı Direktoru Mayk Börns rəhbərlik etdikləri Fondlar, onların tarixi və iş prinsipləri haqqında məlumatları bölüşmüşlər. Neft Fondunun vəsaitlərinin səmərəli istifadəsi barədə danışan cənab S. Şərifov ARDNF-in vəsaitinin əsasən qaçqınların və məcburi köçkünlərin məskunlaşdırılması problemlərinin həllinə və Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çəkilişinə yönəldiyni qeyd etmişdir. Cənab Mayk Börns şəffalığın təmin edilməsi və idarəetmə baxımından Alyaska Fondu ilə ARDNF arasında çoxlu oxşarlıqların olduğunu vurğulamışdır.
Iyulun 12-də cənab S. Şərifov və ARDNF-in nümayəndə heyətinin Alyaskaya səfəri ilə bağlı bu ştata gəlmiş Azərbaycanın ABŞ-dakı səfiri Hafis Paşayev Alyaska ştatının qubernatoru cənab Frank Murkovski tərəfindən qəbul edilmişlər. Cənab Murkovski ARDNF-in Alyaska Fonduna marağını və Neft Fondunun nümayəndələrinin bu ştata səfərini yüksək qiymətləndirmişdir. Görüşdə Azərbaycanın ABŞ-dakı səfirinin səfərlə bağlı nümayəndə heyətinə qoşulmasının Azərbaycan hökumətinin Amerikanın bu ən uzaq ştatına marağının təzahürü olması xüsusi vurğulanmışdır. Görüşdə neft gəlirlərinin düzgün idarə olunması və qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunmuşdur. ABŞ Senatının enerji məslələri üzrə komissiyasının sədri olmuş cənab Murkovski Senatdakı müzakirələr zamanı dəstək göstərdiyi Azərbaycanda neft sazişlərinin həyata keçirilməsinin gedişi və BTC neft kəmərinin çəkilişinin hazırkı statusu ilə də maraqlanmışdır.
İyulun 14-də nümayəndə heyəti Nyu-York şəhərində ABŞ Ticarət və İnkişaf Agentliyinin (TİA) Avrasiya üzrə Regional Direktoru Daniel Steyn ilə də görüşmüşdür.
İyulun 14-dək davam edəcək səfər ABŞ Ticarət və İnkişaf Agentliyi tərəfindən maliyyələşdirilən “Neft Fondunun İnstitusional Quruculuğunun Təkmilləşdirilməsi” layihəsi çərçivəsində həyata keçirilir. Layihənin həyata keçirilməsinə dair saziş 2005-ci il yanvarın 18-də ARDNF ilə Overture Financial Services arasında imzalanmış, aprelin 7-də isə TİA tərəfindən bəyənilərək qüvvəyə minmişdir.
Alyaska Fondu 1976-cı ildə neft gəlirlərinin səmərəli istifadəsi və gələcək nəsillər üçün qorunub saxlanması məqsədilə yaradılmışdır. 1982-ci ildə bu qurumun bazasında Fondun investisiyalarının idarə olunması məqsədilə Alyaska Fondu Korporasiyası yaradılmışdır.