Azərbaycan Respublikası hökumətinin Azərbaycanın hasilat (neft və qaz) sənayesində fəaliyyət göstərən yerli və xarici şirkətlərdən daxiolmaları barədə (2004-cü il üzrə) hesabatlar 2005-cü il iyunun 16-da Mineral Ehtiyatlarının Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə Komissiya tərəfindən Deloyt ənd Tuş şirkətinə göndərilmişdir.
Hesabatların audit şirkətinə təqdim olunması MHŞT üzrə hökumət Komissiyası, Azərbaycanın hasilat (neft və qaz) sənayesində fəaliyyət göstərən yerli və xarici şirkətlər və qeyri hökumət təşkilatlarının Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası arasında imzalanmış Qarşılıqlı Anlaşma Memorandumuna uyğun olaraq həyata keçirilir. Azərbaycanın neft və qaz sənayesində fəaliyyət göstərən yerli və xarici şirkətlər də Azərbaycan Respublikası hökumətinə ödənişləri barədə 2004-cü il üzrə hesabatlarını fərdi olaraq hökumətin hesabatı ilə tutuşdurulması məqsədilə Deloyt ənd Tuş şirkətinə təqdim edəcəklər.
Azərbaycanın hasilat sənayesində fəaliyyət göstərən yerli və xarici şirkətlərin Azərbaycan Respublikası hökumətinə ödənişləri və Azərbaycan Respublikası hökumətinin yerli və xarici şirkətlərdən daxiolmaları barədə növbəti (ikinci) mərhələ üzrə hesabatları tutuşduraraq təhlil edəcək audit şirkətinin seçilməsi məqsədilə keçirilmiş müsabiqənin qalibi olan Deloyt ənd Tuş şirkəti öz rəyini bir ay ərzində açıqlamalıdır.