oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

Azərbaycanda MHŞT üzrə ikinci hesabat mərhələsi reallaşır

20 May 2005 11:00:00

Azərbaycanda MHŞT üzrə ikinci hesabat mərhələsi reallaşır

20 May 2005 11:00:00
2005-ci il mayın 19-da Mineral Ehtiyatlarının Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün (MHŞT) tətbiqinə dair Memorandumu imzalamış tərəflərin – MHŞT üzrə hökumət Komissiyasının, Azərbaycanda hasilat sənayesi ilə məşğul olan yerli və xarici şirkətlərin və qeyri-hökumət təşkilatlarının birgə toplantısı keçirilib. MHŞT üzrə Komissiyanın sədri cənab Samir Şərifov Təşəbbüsün Azərbaycanda həyata keçirilməsinə dair mexanizmə uyğun olaraq MHŞT-nin tətbiqi üzrə növbəti (ikinci) hesabat mərhələsinin başlanması barədə görüş iştirakçılarına məlumat verib. O, bildirib ki, 2004-cü ili əhatə edəcək hesabatların audit şirkətinə təqdim edilməsi üçün son tarix artıq müəyyənləşib və Azərbaycan hökuməti yerli və xarici neft və qaz şirkətlərindən daxiolmalar, neft və qaz şirkətləri isə hökumətə ödənişləri barədə hesabatları iyunun 16-dək tutuşdurulmaq üçün audit şirkətinə təqdim edəcək. “Hesabatları təhlil edərək tutuşdurmaq üçün audit şirkəti Memorandum üzrə Seçim Qrupunun mayın 23-də keçiriləcək toplantısında, Azərbaycanda fəaliyyət göstərən nüfuzlu beynəlxalq audit şirkətlərindən daxil olmuş təkliflərin müzakirəsi əsasında müəyyənləşəcək”.

Daha sonra Komissiya sədri iştirakçılara MHŞT-nin Azərbaycanda tətbiqi mexanizminin təkmilləşdirilməsi məqsədilə atılmış addımlar barədə məlumat verib. S.Şərifov bildirib ki, “Azeri-Chiraq-Günəşli” layihəsində 10 faiz paya sahib olan “İnpeks” şirkətinin Bakıda nümayəndəliyi olmadığı üçün şirkətin Memoranduma qoşulması və hesabat verməsi birinci mərhələdə mümkün olmayıb. O, qeyd edib ki, MHŞT üzrə Komissiya “İnpeks” şirkətinin Yaponiyadakı baş offisinə müraciət edərək şirkəti Memoranduma qoşulmağa dəvət edib. S.Şərifov “Bakı-Tbilisi-Ceyhan” şirkətinin Direktorlar Şurasının mayın sonunda keçirilməsi gözlənilən toplantısında iştirak etmək üçün Bakıya gələcək “İnpeks” nümayəndəsinin MHŞT-nin tətbiqinə dair Memorandumu imzalamasının mümkünlüyünü istisna etməyib. Komissiya sədri eyni zamanda, Memorandumun təkmilləşdirilməsi məqsədilə verilən hər hansı təklifin müzakirə olunaraq həyata keçirilməsinin təmin olunması məqsədilə tərəflər arasında işçi qrupunun yaradılmasını və tərəflərə öz namizədlərini qısa bir zaman ərzində təqdim etmələrini təklif edib.

Görüşdə, şirkətlər tərəfindən fərdi hesabatların təqdim edilməsinə dair təkliflər də müzakirə olunub və bəzi şirkətlərin fərdi hesabatları təqdim etməyə hazır olduqları, digərlərinin isə bunu lüzumsuz hesab etdikləri bildirilib.

Sonda S.Şərifov 2005-ci il martın 17-də Londonda keçirilmiş Şəffaflıq Təşəbbüsü üzrə 2-ci Beynəlxalq Konfransda irəli sürülən Beynəlxalq Məsləhətçi Qrupun yaradılması barədə təklifin hazırda həyata keçirilməkdə olduğunu qeyd edib.Böyük Britaniyanın Beynəlxalq İnkişaf Nazirliyindən alınan məlumata əsasən o, qrupa inkişaf etmiş ölkələri, MHŞT-ni tətbiq etmiş digər ölkələri, neft və qaz şirkətlərini, nüfuzlu beynəlxalq QHT-ləri, Dünya Bankını, Beynəlxalq Valyuta Fondunu təmsil edən nümayəndələrin daxil ediləcəyini bildirib.

Xəbərlərə abunə ol