oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

Azərbaycan Respublikası Neft Fondu ilə Overture Financial Services LLC şirkəti arasında ABŞ-ın Ticarət və İnkişaf Agentliyi tərəfindən maliyyələşdirilən layihənin həyata keşirilməsi ilə bağlı saziş imzalanıb

18 Jan 2005 11:00:00

Azərbaycan Respublikası Neft Fondu ilə Overture Financial Services LLC şirkəti arasında ABŞ-ın Ticarət və İnkişaf Agentliyi tərəfindən maliyyələşdirilən layihənin həyata keşirilməsi ilə bağlı saziş imzalanıb

18 Jan 2005 11:00:00

2005-ci il yanvarın 18-də ARDNF ilə Overture Managed Solutions (OMS) şirkətinin ana şirkəti Overture Financial Services arasında ABŞ-ın Ticarət və İnkişaf Agentliyi (TİA) tərəfindən maliyyələşdirilən Neft Fondunun İnstitusional Quruculuğun Təkmilləşdirilməsi layihəsinin həyata keçirilməsi haqqında saziş imzalanmışdı. OMS 2004-cü ilin noyabrında TİA tərəfindən keçirilən tenderin qalibi elan edilmişdir.

Sazişi ARDNF tərəfindən İcraçı Direktor Samir Şərifov, Overture Financial Services şirkəti tərəfindən Prezident və baş icraçı məsul şəxs Mark DeSario imzalamışdır. İmzalanma mərasimində TİA-nin Avrasiya üzrə Regional Direktoru Daniel Şteyn və ABŞ-in Bakıdakı Səfirliyinin Müvəqqəti İşlər Müvəkkili Ceson Hayland iştirak etmişdirlər.

ARDNF-in institusional quruculuğunun təkmilləşdirilməsi məqsədi üçün 1 milyon 91 min dollar məbləğində texniki yardim(grant) ayrılması haqqinda saziş 2004-cü il mayın 19-da Bakıda imzalanmışdır. Texniki yardımı göstərəcək ixtisaslaşmış məsləhətçi şirkətin seçilməsi məqsədilə TİA tərəfindən elan edilən tenderdə səkkiz ABŞ şirkəti – OMS, Baker & McKenzie, Copley Investment Management, Econergy International Corporation, Bearing Point, LJC Group LTD, KPMG LLP və Sky BoardBand Services, Inc. iştirak etmişlər. TİA ilə bağlanmış qrant sazişinin şərtlərinə görə tenderdə yalnız ABŞ şirkətləri iştirak edə bilərdi.

Baş ofisi Nyu-Yorkda yerləşən OMS şirkəti maliyyə təsisatlarında vəsaitlərin yerləşdirilməsi üçün ən müasir idarəetmə sistemlərinin “açar təhvili” prinsipi əsasında qurulması üzrə ixtisaslaşır. OMS həmçinin vəsaitləri idarə edən maliyyə qurumları, təqaüd (pensiya) fondları və digər institusional fondlar üçün bu sistemlərin tətbiqi üzrə məsləhət xidmətlərini həyata keçirir. OMS tərəfindən məsləhət xidmətlərinin göstərilməsi üçün həmçinin Alyaska Fondunun rəhbər vəzifəli mütəxəssisləri cəlb olunub.

Qrant sazişinə əsasən texniki yardım Fondun valyuta vəsaitlərinin yerləşdirilməsi işinin təkmilləşdirilməsini, bununla bağlı müvafiq risklərin qiymətləndirilməsini, xarici menecerlərin seçilməsi meyarlarının müəyyən edilməsini və onların iş göstəricilərinin monitorinqini və dəyərləndirilməsini, aktivlərin qeydiyyatı və uçotu üzrə ixtisaslaşdırılmış proqram təminatının alınması üçün tələblərin müəyyənləşdirilməsini nəzərdə tutur. Texniki yardım həm də Fondun struktur bölmələri arasında beynəlxalq standartlara uyğun vəzifə bölgüsünə və qarşılıqlı hesabatlığa dair təkliflərin təqdim edilməsi, habelə Fondun əməkdaşlarının peşəkarlıq səviyyəsinin artırılması istiqamətlərini əhatə edəcək.

Layihənin TİA tərəfindən bəyənildiyi tarixdən başlanacağı və 9 ay ərzində başa çatacağı planlaşdırılır.

Xəbərlərə abunə ol