2006-cı il sentyabrın 22-də Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə hökumət Komissiyası, Azərbaycanın hasilat (neft və qaz) sənayesində fəaliyyət göstərən yerli və xarici şirkətlər və Mədən Sənayesində Şəffaflığın Artırılması (qeyri hökumət təşkilatları) Koalisiyası arasında imzalanmış Qarşılıqlı Anlaşma Memorandumuna uyğun olaraq təsis edilən Seçim Qrupunun növbəti iclası keçirilmişdir. İclas zamanı Azərbaycanın hasilat (neft və qaz) sənayesində fəaliyyət göstərən yerli və xarici şirkətlərin Azərbaycan Respublikası hökumətinə ödənişləri və Azərbaycan Respublikası hökumətinin yerli və xarici şirkətlərdən daxiolmaları barədə növbəti – beşinci hesabat mərhələsi üzrə hesabatlarını (2006-cı ilin ilk 6 ayı) tutuşduraraq təhlil edəcək audit şirkətinin seçilməsi məqsədilə müsabiqə keçirilmiş və Deloyt şirkəti müsabiqənin qalibi elan olunmuşdur.
Memorandumda nəzərdə tutulmuş növbəlilik prinsipinə uyğun olaraq, beşinci hesabat mərhələsi üçün seçilmiş audit şirkətinin haqqı Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən ödəniləcək. Memoranduma uyğun olaraq, Azərbaycan Respublikasında fəaliyyət göstərən beynəlxalq miqyasda tanınmış 5 nüfuzlu auditor şirkətinə ("Deloyt", "Praysuoterhauskupers", "Ernst ənd Yanq", KPMG və “Mur Stefens Azərbaycan”) şirkətlərinə müsabiqədə iştirakla bağlı dəvətlər göndərilmişdir.