2006-cı il sentyabrın 11-də Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı Direktoru Şahmar Mövsümov ABŞ Ticarət və İnkişaf Agentliyinin (TİA) MDB üzrə regional directoru Daniel Staynı qəbul etmişdir. Görüşdə 2004-cü il mayın 19-da Neft Fondu ilə TİA arasında Neft Fondunun institusional quruculuğunun təkmilləşdirilməsi məqsədilə imzalanmış sazişə uyğun olaraq maliyyələşdirilən və Overture Financial Services şirkəti tərəfindən həyata keçirilən layihənin birinci mərhələsinin nəticələri müzakirə edilmiş və ikinci mərhələnin həyata keçirilməsi üçün TİA tərəfindən qrantın ayrlması barədə ilkin razılaşma əldə olunmuşdur. Ş. Mövsümov birinci mərhələnin Neft Fondu üçün faydalı olduğunu və uğurla başa çatdığını qeyd etmişdir. D. Stayn isə öz növbəsində layihənin TİA tərəfindən maliyyələşdirilən və Azərbaycanda həyata keçirilən ən uğurlu layihələrdən biri olduğunu bildirmişdir. Layihənin Overture Financial Services şirkəti tərəfindən həyata keçiriləcək ikinci mərhələsində mühasibatlıq sisteminin təkmilləşdirilməsini, investisiya portfelinin idarə olunmasını və gəlirliliyinin qiymətləndirilməsini, menecerlərin idarə olunması və risklərin qiymətləndirilməsi sistemlərinin qurulmasını həyata keçirən şirkətin/sistemin seçilməsi üçün Neft Fonduna məsləhət xidmətlərinin göstərilməsi nəzərdə tutulur.