2006-cı il 31 avqust - 1 sentyabr tarixlərində Almaniyanın Bonn şəhərində Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə 2006-cı ilin oktyabr ayında Norveçin paytaxtı Oslo şəhərində keçiriləcək 3-cü beynəlxalq konfransa hazırlıqla bağlı işğüzar toplantı keçirilmişdir. Neft Fondunun İcraçı Direktoru Şahmar Mövsümov toplantıda iştirak etmişdir. Toplantı zamanı MHŞT üzrə Beynəlxalq Məsləhətçi Qrupun Oslo Konfransında təqdim edəcəyi hesabatın layihəsi müzakirə olunmuşdur. Hesabat layihəsi çərçivəsində toplantı iştirakçıları MHŞT-ə qoşulmuş ölkələrdə bu Təşəbbüsün tətbiqinin təsdiqi, MHŞT üzrə İdarə Heyətinin yaradılması, İdarə Heyətinin Katibliyininin strukturu və yerləşəcəyi məkan məsələlərini müzakirə etmişlər. Toplantıda ABŞ hökumətinin, Böyük Britaniyanın Beynəlxalq İnkişaf Nazirliyinin, Almaniya İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin, Fransa, Hollandiya və Norveç Xarici İşlər Nazirliklərinin, Nigeriyanın Minerallar Nazirliyinin, Dünya Bankının, Beynəlxalq Valyuta Fondunun, BP, Şevron, Petrobras, Anqlo Amerikan şirkətlərinin, habelə Global Witness və Açıq Cəmiyyət İnstitutu kimi beynəlxalq qeyri-hökumət təşkilatlarının nümayəndələri də iştirak edib.
Oslo Konfransında Şəffaflıq Təşəbbüsünə beynəlxalq dəstəyin təmin olunması məqsədilə yaradılacaq İdarə Heyətinin formalaşması məsələsi müzakirə ediləcək. İdarə Heyətində MHŞT-ni tətbiq edən 5 ölkənin nümayəndəsinin, eləcə də Təşəbbüsə dəstək olan 3 ölkənin, 5 qeyri-hökumət təşkilatlarının, 5 hasilat sənayesi və 1 investisiya şirkətinin nümayəndələrinin təmsilçiliyi nəzərdə tutulub. Oslo Konfransında Şəffaflıq Təşəbbüsünün tətbiqində lider ölkə olan Azərbaycanın İdarə Heyətinə üzvlüyünün təsdiqi gözlənilir.
İdarə Heyəti MHŞT-nin gələcək fəaliyətinin koordinasiya edilməsi məqsədilə yaradılacaq. İdarə Heyətinin əsas funksiyaları MHŞT-nin ümumi inkişafına, strateji istiqamətinə, Təşəbbüsün tətbiqinin effektivliyinə nəzarəti təmin etmək və bu məsələlər üzrə tövsiyələr hazırlayaraq MHŞT üzrə növbəti beynəlxalq konfransa təqdim etməkdir.